Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkən siyasi məhbuslar Səfa Poladov və Arif Kazımov rəislə görüş istəyirlər. Bu haqda musavat.com-a məhbusların yaxınları məlumat veriblər. Onların sözlərinə görə, məhbus yaxınlarına onlarla görüşə şərait yaradılmır.
“Yeni rəis təyin olunandan sonra münasibətlər xeyli dəyişib, yaxşılaşıb. Amma bizə naməlum səbəbdən görüş vermirlər. Rəislə bizim və həbsdə olan yaxınlarımızın təmaslarına mane olurlar. Mətbuata müraciət edəndə isə Səfa ilə Arifin kamerasında “şmon” edirlər. Dərdimizi kimə deyək bilmirik” - deyə məhbuslardan birinin yaxını bildirib.
Qeyd edək ki, noyabrın əvvəllərində Arif Kazımov valideynləri ilə qanunla nəzərdə tutulmuş ilə görüşə icazə verilmədiyinə görə aclıq aksiyası keçirib. Həmin vaxt məhbusun anası Tükəzban Kazımova demişdi ki, rəis müavini, polkovnik-leytenant Aftandil Ağayev rəisin işdə olmadığından istifadə edərək köhnə ədavətini aparmaqda davam edir. “Oğlum həmişə deyir ki, köhnə rəisin vaxtında biz bu adama pul vermədiyimiz üçün bizə münasibəti normal deyil idi. İndi də həmin ədavətini aparır. İndi də oğlum bunlara etiraz olaraq aclıq aksiyası keçirir. Onsuz da səhhətində ciddi problemlər var. İndi isə daha da ağırlaşıb. Heç kim gəlib uşağımla maraqlanmır. Həkim tələb edir, vermirlər. Mən bilmirəm kimə müraciət etməliyəm? Axı, burada insan talehindən söhbət gedir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də Arif Kazımovla bağlı heç bir açıqlama vermir”. Məlumat üçün bildirək ki, Arif Kazımov Avropa Şurasının tanıdığı ilk siyasi məhbuslarındandır.


Şərhlər