ABŞ kəşfiyyatın rəhbərləri bazar ertəsi ABŞ qanunvericilərinə xəbərdarlıq ediblər ki, Ukraynaya hərbi yardımın təxirə salınması Rusiyaya daha çox Ukrayna ərazisini ələ keçirməyə imkan verəcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsə görə, Ukraynaya hərbi yardımı maliyyələşdirməkdən imtina etmək böyük tarixi səhv olardı. Börns Senatın Kəşfiyyat Komitəsində açıq dinləmələr zamanı deyib: “Əgər biz Ukraynanı dəstəkləməkdən imtina etsək, bu, Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımız arasında şübhələri və Çin rəhbərliyinin ambisiyalarını artıracaq”.
ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, əlavə Amerika yardımı olmasa, Ukrayna 2022-ci ildə əks-hücum zamanı geri qaytarılan ərazilərin bir hissəsini itirə bilər. “Ukraynaya yardım göstərilməsə, o zaman biz “yeni Avdeyevka” görəcəyik”, - deyə Börns Ukrayna ordusunun aylarla davam edən müdafiə əməliyyatından sonra adıçəkildən şəhərdən geri çəkilməsinə toxunaraq bildirib.
ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Haines vurğulayıb ki, bu yardım Rusiyada mərmi istehsalının artması və Moskvanın Şimali Koreya və İrandan sursat alması fonunda xüsusilə aktualdır.
ABŞ kəşfiyyat orqanlarının proqnozlarına görə, Ağ Evin Konqresdən tələb etdiyi 60 milyard dolların Ukraynaya ayrılması döyüş meydanındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Ukrayna ordusu təkcə indiki mövqelərini saxlaya bilməyəcək, həm də gələn ilin əvvəlində strateji təşəbbüsü ələ keçirə bilər. Ulyam Börsün fikrincə, yeni silahlar aldıqdan sonra Ukrayna təkcə Krımda deyil, həm də Qara dəniz donanmasındakı hədəflərə zərbə endirməklə, Rusiya üçün müharibənin dəyərini artıra biləcək. Son altı ayda Ukrayna 15 Rusiya gəmisini məhv edib.
Avril Haynes vurğulayıb ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra ən böyük itkiləri Ukraynada verib. Onun minlərlə ən müasir tankı və zirehli texnikası məhv edilib.
Ukraynaya 60 milyard dollarlıq hərbi yardım nəzərdə tutan qanun layihəsi fevralın ortalarında Senat tərəfindən təsdiqlənib. Respublikaçılar Palatasının spikeri Mayk Conson qanun layihəsini Nümayəndələr Palatasına təqdim etməkdən imtina edir. Bu qanun layihəsinin tərəfdarları parlament prosedurları vasitəsilə spikerin müqavimətini dəf edə biləcəklərinə ümid edirlər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər