Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropaya 2,1 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,2 milyard kubmetr və ya 10,53 % artıb.
Ümumilikdə isə ötən iki ayda Azərbaycandan xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu, bir il öncəki göstərici ilə eynidir.
Bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli və ikili standartlara söykənən çağrışlarına baxmayaraq Azərbaycanla Avropa arasındakı iqtisadi əməkdaşlıq daha da güclənir. Onun sözlərinə görə, son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib.
“2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb”, - o əlavə edib.
İqtisadçı qeyd edib ki, bununla yanaşı artıq Avropanın 5 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var”.
V.Bayramov bildirir ki, yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq.
“Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Göründüyü kimi, qərəzli bəyanatlar bir söz deyir, rəqəmlər isə başqa mənzərə yaradır”, - iqtisadçı vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər