Menu

“Cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar vermək mümkündür” – Komitə sədri

15.03.2024, 18:24
“Cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar vermək mümkündür” – Komitə sədri

“2023-cü ildə Hökumətin fəaliyyəti haqqında geniş, hərtərəfli və kompleks şəkildə çıxışına görə hörmətli Əli müəllimə təşəkkürümü bildirirəm. Həqiqətən 2023-cü il bir çox əlamətdar və tarixi hadisələrlə yadda qalıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə hökumətin hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Prezidentin dövlətçilik fəaliyyətinin 20-ci ildönümünün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etməsi olduqca əlamətdardır. O, ötən ilin sentyabrın 19-da şanlı Ordumuz tərəfindən keçirilən bir günlük antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimizin tam təmin edildiyini, torpaqlarımızda işğalçı separatizmin kökünün tamamilə kəsildiyini vurğulayıb: “Bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir və Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü, qüdrətli olmayıb. Təsadüfi deyil ki, cənab Prezidentin apardığı uğurlu müdrik siyasətin nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi qərara alınıb. Beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadının ən bariz nümunəsidir. Bunu həm də ötən il Hökumət tərəfindən görülən müsbət işlərin nəticəsi kimi də dəyərləndirməliyik”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım"dır. O, daha sonra sənaye-energetika sahəsində əldə olunmuş müsbət faktlara diqqət çəkib: “2023-cü ildə Ümumi Daxili Məhsulda sənayenin payı 40,5% olmaqla, 66 mlrd. manatdan çox sənaye məhsulu istehsal edilib. Qeyd edim ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 8,0% artıb. 2023-cü ildə respublikanın sənaye sektoruna 8,1 mlrd. manat məbləğində sərmayə yönəldilib, bunun 77%-i neft-qaz sektorunun, 23%-i isə qeyri-neft-qaz sektorunun sənaye hissəsinin payına düşüb. Həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə sənaye məhsulunda özəl sektorun payı 2023-cü ildə 2003-cü illə müqayisədə 56,8%-dən 84,5%-ə yüksəlib. Bu çox müsbət göstəricidir”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye zonalarının yaradılması konsepsiyasına uyğun olaraq sənayeləşmə işlərinin davam etdirilməsi bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması və layiqli yaşayış şəraitinin təmin edilməsi məqsədlərinə xidmət edir. Sadiq Qurbanov məlumat verib ki, fəaliyyətə başladığı dövrdən sənaye parkları və məhəllələrində ümumilikdə 6,6 mlrd. manatdan çox özəl investisiya yatırılıb və 11,2 mindən artıq daimi iş yeri yaradılıb, dəyəri 12,1 mlrd. manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,9 mlrd. manatlıq hissəsi (32 faizi) ixrac olunub.

Millət vəkili Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini xatırladıb. “Burada 7200 MVt-ı külək, 2000 MVt-ı günəş, 500 MVt-ı hidro enerji olmaqla, 10 min MVt-a yaxın gücdə yaşıl enerji potensialı hesablanır”, - o əlavə edib.

Komitə sədri daha sonra Azərbaycan Avropa İttifaqının strateji etibarlı enerji tərəfdaşı olduğunu deyərək, ötənilki ixrac həcmləri barədə məlumat verib: ”Cənub Qaz Dəhlizi vasitəsilə Avropa, Türkiyə və Gürcüstana ümumilikdə 22,7 mlrd. kubmetr qaz ixrac edilib. Ötən il Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı imzalanmış müqavilələrdən irəli gələn işlər görülüb. Hətta günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verilib. Stansiyada hər il 500 mln. kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 mln. kubmetr həcmində təbii qaza qənaət ediləcəkdir ki, bu da atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılması ilə nəticələnəcək. Bu da ekoloji təhlükəsizliyin təmin olunması üçün çox faydalı və vacibdir”.

Sadiq Qurbanov hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 mlrd., 2022-ci ilə nisbətən isə 2,2 mlrd. kubmetr artıq həcmdə su toplanıldığını xatırladaraq, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyin mümkün olduğunu deyib: “Ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatların yaradılmasının təşviqi məqsədilə Laçın rayonunda Zabuxçay su anbarının tikintisinə başlanılıb, Tərtər rayonunda Suqovuşan, Ağdam rayonunda Xaçınçay, Füzuli rayonunda Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işləri başa çatdırılıb”.

Sadiq Qurbanov hesabat ilində ekoloji təhlükəsizliyin təmin olunması, ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər haqqında da ətraflı məlumat verib.

Komitə sədri 2023-cü ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatla yanaşı çox yaxşı ümumiləşdirilmiş icmal hesabatının hazırlanmasını təqdirəlayiq hal adlandırıb. “Hökumətimizə qarşısına qoyduğu vəzifələrə nail olmaq üçün uğurlar arzulayıram. Hesabatı dəstəkləyirəm və lehinə səs verəcəm”, - millət vəkili çıxışını yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol