Xəbər verdiyimiz kimi, Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatna görə, protokolların 99,43 faizi sayıldıqdan sonra onun 87,32 faiz səs topladığı məlum olub. Bu, onun 2030-cu ildə başa çatacaq beşinci səlahiyyət müddəti olacaq.

Səsvermə bülletenində dörd namizəd var idi. Putin özü özünün namizədliyini irəli sürüb, Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,79 faiz, Leonid Slutski 3,19 faiz səs toplayıb. Bülletenlərin 1,4%-i etibarsız sayılıb.

MSK tərəfindən müharibə əleyhinə namizədlərin - jurnalist Yekaterina Duntsovanın və bələdiyyə deputatı Boris Nadejdinın seçkilərdə iştirakına icazə verilməyib. Duntsovaya imza toplamağa belı buraxılmayıb. Nadejdin onu dəstəkləmək üçün 200 mindən çox imza toplayıb, lakin Mərkəzi Seçki Komissiyası onlarda çoxlu sayda “səhvlər” tapıb.

Putinin elan olunan səs faizi onun indiyədək prezident seçkilərində göstərdiyi ən yüksək nəticə olub. 2018-ci ildə keçirilən seçkilərdə o, 76,7% səslə yenidən seçilib. 2020-ci ildə Putin ona daha iki müddət hakimiyyətdə qalmağa imkan verən Konstitusiyaya dəyişikliklərlə bağlı fərman imzalayıb.

Hökumətlə əlaqəli VTsIOM və FOM təşkilatlarının keçirdikləri exit-pollların nəticələrinə görə, Putin 87%-dən çox nəticə ilə lider olub. Nadejdinin komandası və müstəqil sosioloji “ExtremeScan” layihəsi daha aşağı nəticələr əldə edib. Onların iddiasına görə, seçicilərin müvafiq olaraq 76% və 55%-i Putinə səs verib.

Rusiya prezidenti üçün səsvermə Ukraynanın işğal olunmuş ərazilərində, həmçinin ilhaq edilmiş Krım və Sevastopolda da keçirilib. Qərb ölkələri işğal olunmuş ərazilərdə seçkilərin keçirilməsini pisləyib. Rəsmi məlumatlara görə, oradakı seçicilərin təxminən 90%-i Putinə səs verib.

Rasim

“AzPolitika.info”

***

Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

"Report"un xəbərinə görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs topla yıb.

***

Rusiyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, 87 faiz səslə Vladimir Putin qalib gəlib.

Bununla bağlı məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi yayıb.

Verilən məlumata görə, ikinci yeri 4,6 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yeri 4,2 faiz səslə “Yeni insanlar” partiyasından Vladislav Davankov, dördüncü yeri isə üç faiz səslə LDPR-dən Leonid Slutski tutub.

Qeyd olunub ki, sorğu 2024-cü il martın 15-dən 17-dək seçki məntəqələrinin çıxışında aparılıb.

Ümumilikdə Rusiya prezident seçkisində səsvermə prosesini 129 ölkədən 1 115 beynəlxalq müşahidəçi və ekspert izləyib. (Mənbə: kp.ru)