"TÜRKİYƏNİN ŞƏRTLƏRİ VAR..." – “Qərb tələsirsə, Bakıya qulaq asmalıdır”

“Bakı və Ankara səbrlə Ermənistan-Rusiya gərginliyini izləyir…”

“XX əsrin 90-cı illərinin əvvəllərindən Türkiyənin Cənubi Qafqazda yeri və rolu yüksəlməyə başladı. Bu, məntiqlidir, çünki əvvəllər bölgədə Türkiyə, ümumiyyətlə, yox idi. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bu yüksəliş dayanıqlı hala gəldi”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Türkiyə-Qərb münasibətlərində Cənubi Qafqaz regionunun əhəmiyyətini şərh edərkən deyib.

Ekspert xatırladır ki, Rusiya və İranla müqayisədə Türkiyənin regionun hər üç ölkəsi ilə sərhədi var: “Lakin Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi yoxdur və Ermənistanla sərhəd bağlıdır. Türkiyənin bölgədəki gücü və qüdrəti onun Azərbaycanla müttəfiqliyi, Gürcüstanla strateji tərəfdaşlığı sayəsində formalaşıb. Boru kəmərləri və dəmir yolları bölgəni Türkiyə ilə, Türkiyə vasitəsilə isə Avropa və dünya bazarı ilə birləşdirən əsas layihələrə çevrildi. Türkiyənin uğurunun düsturu ondan ibarətdir ki, Ankaranın regiondakı müttəfiqi Azərbaycan işin böyük hissəsini öz üzərinə götürdü və alyansın sinerjisi üçün şərait yaratdı. Rusiya-Ermənistan tandemindən (patron-müştəri) fərqli olaraq, Azərbaycan və Türkiyə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurub, Gürcüstanı da bu formata cəlb edib. 2020-ci il müharibəsinin nəticələri müttəfiqin qələbəsi ilə nəticələnməsi Türkiyənin bölgədəki nüfuzunu daha da gücləndirdi və gələcəkdə də təsirinin genişlənməsinə də şərait yaradacaq”.

Politoloq vurğulayıb ki, müharibə nəticəsində Ankara – İrəvan əlaqələrinin normallaşması və Zəngəzur dəhlizinin açılması ilk növbədə, Türkiyəyə Ermənistanda təmsil olunmaq, daha sonra Azərbaycanın əsas hissəsi ilə fasiləsiz əlaqə qurmaq imkanı yaradacaq.


Ekspert hesab edir ki, Ermənistanın xarici siyasət prioritetlərini Rusiyadan Qərbə dəyişməsi həm də Türkiyənin maraqlarına uyğundur: “Çünki fiziki və institusional baxımdan Ermənistan üçün Qərb Türkiyədir. Əgər Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq üçün minimal addımlar atmağa başlayıbsa, o zaman Türkiyə ilə bağlı sərhədə məhəl qoymamaq getdikcə çətinləşəcək. Ermənistanın Türkiyə ilə təmasda maraqlı olması, ABŞ və Aİ simasında İrəvan himayədarlarının isə münasibətlərin normallaşması prosesini sürətləndirmək istəyi bundan irəli gəlir”.

F.Məmmədova görə, amma Türkiyənin şərtləri var və bu şərtlər Azərbaycanla razılaşdırılır.

Ekspert qeyd edir ki, Bakı və Ankara Ermənistan-Rusiya ritorik gərginliyini səbirlə izləyir, İrəvandan konkret addımlar gözləyir.

“Avqustun 1-nə kimi Rusiya sərhədçilərinin paytaxt hava limanından çıxarılması dominoların aşmağa başladığından xəbər verəcək. Növbəti addım Ermənistanın KTMT-dən çıxması olmalıdır... Səbəbsiz deyil ki, Qərbdə hamı sülh müqaviləsindən danışır və prosesi sürətləndirməyə çalışır” –deyə, o, bildirib.

F.Məmmədov hesab edir ki, əgər Qərb tələsirsə və artıq hərəkətə keçibsə, o zaman Bakının mövqeyinə daha çox qulaq asmalı və İravana Azərbaycanın beynəlxalq hüquqa və sadə məntiqə əsaslanan şərtlərini həyata keçirməyə kömək etməlidir.

Onun sözlərinə görə, Azərbaycan qeyri-adi heç nə tələb etmir: qanunvericilikdə dəyişikliklər, təzminatlar, şərti sərhəddə öz ərazilərinin tanınması.

“Bizə mane olan bizə kömək edəcək!” “Qafqaz əsiri”ndən bu sitat indiki mərhələdə Türkiyə üçün çox aktualdır. Qərb uzun onilliklər ərzində inteqrasiyanı məhdudlaşdırmaq üçün Türkiyə qarşısında “erməni məsələsi”ni qaldırıb. İndi “erməni məsələsi” maneədən köməyə çevrilə bilər. Məhz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsi Türkiyənin Avropa İttifaqına üzvlük prosesində ciddi rol oynaya bilər. Üstəlik, Türkiyənin ali rəhbərliyi Aİ üzvlüyünü strateji məqsəd adlandırır. Niyə də yox?! Əgər erməni məsələsi Qərb üçün bu qədər önəmlidirsə... İsveçin NATO üzvlüyü məsələsində sərf olunan enerjinin həddi-hüdudu yox idi” – deyə, politoloq xatırladır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2024-03-19 08:30:31

Ekspertin bəzi fikirləri məntiqli səslənsə də, amma onun bu fikri ilə razılaşmıram, ki " Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsi Türkiyənin Avropa İttifaqına üzvlük prosesində ciddi rol oynaya bilər". Bu sadəcə özü-özünü təsəllidən başqa bir şey deyildir. Türkiyə "Ermənistan" münasibətlərinin normallaşması hər sahəyə təsir edə bilər, lakin Avropanın bu "normallaşmadan" istifadə edib Türkiyəni Avropa üzvlüyünə qapı açması heç bir zaman mümkün olmayacaq.Çünki Qərb Türkiyəni bir mənalı olararaq öz aralarında görmək istəmir. Ona görə də ilbə-il müxtəlif bahanələr gətirirlər.

Son yazılar