İRANIN TÜRK DÜŞMƏNÇİLİYİ

Nurəddin İSMAYIL

İranda Rza Şah Pəhləvi dönəmindən başlayan antitürk siyasəti bu gün də ən qatı formada davam edir.

Ondan əvvəlki minillik türk yönətimi dövründə İranda məskunlaşan xalqlar heç vaxt son yüz ildə olduğu qədər milli ayrıseçkiliyə məruz qalmamış və bu coğrafiyanın sakinləri daim barış içində yaşamışlar. Səbəb bəlli. İranda son min ilin idarəçiliyi türk ədalətinə söykənmiş və türk əsaləti, imperiyasına daxil olan millətlərə eyni gözlə baxmış. Sonrakı dönəmdə başqa bir mənzərənin ortaya çıxdığını görürük. İstər Rza şahın qurduğu despotik, istərsə də Xomeyninin yaratdığı teokratik rejim öz daxili siyasətlərinin ən önəmli hissəsini türk kimliyinin şovinist fars qazanında əridilməsinə, onun dilinin, mədəniyyətinin, tarixi keçmişinin inkar edilməsinə yönəldib. Sekulyarlıq teokratlıqla əvəzlənsə də, mahiyyət dəyişməmiş və türkə olan nifrət, tarixi düşmənlik bir an belə səngiməmişdir.

Bu mənfur siyasətin davamçıları bu gün də məzhəb pərdəsinə bürünərək o taylı-bu taylı soydaşlarımıza, bütövlükdə türk dünyasına qarşı məkrli planlarını səngitmir, fürsət düşdükcə, onu əndişəyə salan türk birliyini parçalamaq xətti yürüdür. Dostluqdan, din qardaşlığından dəm vuran bu ölkə dostluqla, qardaşlıqla bir araya sığmayan davranış nümayiş etdirir. İranda bütün xalqların hüquq bərabərliyindən laf edərək 40 milyon türkün dilinə, adət ənənəsinə, köklü mədəniyyətinə yasalar qoyur. Din qardaşına arxa çevirib, qriqoryan erməniyə qucaq açır. Beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcək Zəngəzur dəhlizinin açılışına sədd yaradır. Zəngəzuru özünün qırmızı xətti elan edir. İkinci Qarabağ savaşında ordumuzun zəfər yürüşünü əngəlləyən addımlar atır. Azərbaycanda daxili sabitliyi pozmaq üçün məzhəbçi zehniyyətdən ibarət casus şəbəkəsi formalaşdırır. Dişi batmayanda başqa şər üsullara əl atır.

Bir neçə gün əvvəl Tehranın SEPAH informasiya resursları Moskvada “Crosus City Hall”a edilən terror aktında türk izi olduğunu yayımlayır. Həyasızcasına yayımlanan bu informasiyada bildirilir ki, Rusiyanın Qafqazda etdiyi silsilə səhvlər belə bir hadisə ilə nəticələnib. Zəngəzur yolunu “Turan dəhlizi” adlandıraraq, Rusiyanı bu ideyanın reallaşmasına imkan verməməyə çağırır. Qeyd edirlər ki, bu yol etnik separatçı terrorçular üçün dəhliz olacaq. “Belə hücumu Bakı və Ankara tərəfindən dəstəklənən mərkəzi Asiyadan ekstremistlər, o cümlədən kafirlər rellaşdıra bilər”. Göründüyü kimi, beynəlxalq təşkilatların terrorizmin beşiyi kimi qəbul etdiyi, bir çox terrorist qrupların təlim görüb yetişdirildiyi, üzü Suriyadan, İrakdan, Livandan tutmuş ta Fələstinə, Yəmənə qədər terrorçular yetirən bir ölkə, Azərbaycan və Türkiyəni Moskvada olan terrorla bağlamaq qədər alçaqlığa əl atır.

Nə deyəsən, bu üzgörənliyə. Türkiyə də, Azərbaycan da qərinələrdir terrordan, onun gətirdiyi bəlalardan nəsibini alan bir ölkə olmuş və İrandan başqa heç bir müsəlman və qeyri ölkə bizi terroru dəstəkləyən, ona ayaq verən ölkə kimi dəyərləndirməyib. Demək məsələnin kökündə duran heç də üzdə göründüyü kimi deyil, alt qatda türkə qarşı olan tarixi düşmənçilikdir. Baxışlar dəyişilir, geosiyasi dəyişilmələr ölkələri, sivil xalqları yeni şərtlərə uyğun davranış göstərməyə sövq edir, amma İranın məzhəbçi zehniyyəti, türkə olan nifrəti nəinki dəyişmir, getdikcə daha şiddətli forma alır. Diqətlə baxsaq, İranın yaxın və uzaq ölkələrin heç biri ilə sağlam əməkdaşlığa, etibarlı partnyorluğa, dini həmrəyliyə, sadiq qonşuluğa əsaslanan ilişkiləri yox dərəcəsindədiir.

Təəssüf doğuran odur ki, bu qədər yeraltı, yerüstü sərvətlərə, hər cür iqlimin mövcud olduğu zəngin təbiətə malik bir ölkənin bütün varı-dövləti öz əhalisinin firavan, azad, təhlükəsiz yaşamasına deyil, bu varın, dövlətin hər yerdə məzhəbçi zehniyyət yetişdirilməsinə, terrorçu dəstələr hazırlanmasına, proksi müharibələr aparmağa sərf edilir.

635x100

Şərhlər

ƏNHU 2024-03-28 23:55:27

İran təkcə türk dünyası ilə deyil, bütün müsəlman dünyası ilə düşmənçilik edir. İslama tətbiq etdiyi reformalar onu xristian ölkəsinə bənzədir. Farsların İslamı tərk edəcəyinə bir-neçə on il qalıb.

Türk Turan 2024-03-28 23:23:56

Nurəddin İsmayıla təşəkkür edirik, minnətdarıq. Əliniz-qolunuz var olsun! Allah bunların şərindən hər birimizi qorusun. Türkün qələbə çalması diləyi ilə, Allaha əmanət olun.

Son yazılar