Xəbər verildiyi kimi, Ukrayna Tatarıstan ərazisində “Shahed” PUA-ları hazırlanan zavoda, Tatarıstanın “Elaz-Neft məhsulları” Neft-emalı zavoduna, “Alabuqa” xüsusi iqtisadi zonasına hücum təşkil edib. Qeyd edək ki, sözügedən ərazilər Ukrayna sərhədindən 1000 kilometr məsafədə yerləşir.
Məsələ ondadır ki, Ukrayna PUA-ları indiyə qədər Rusiyanın dərinliklərindəki neft emalı zavodlarına PUA hücumları etsə də, onların uçuş məsafəsi maksimum 600-700 kilometr olurdu. Ukrayna PUA-larının bu qədər uzağa – 1000 kilometr məsafəyə getməsi ilk belə haldır ki, bu da onların istehsalındakı hansısa yeniliklkərdən xəbər verir.
“RBK-Ukraina”nın məlumatına görə, Tatarıstana göndərilən dronlar “UJ-22” PUA-ları olub. Bu silahlar hələ 2020-ci ildən Ukraynanın silah arsenalına daxil edilib və onlar 20 kq-a yaxın partlayıcı daşıya bilir. Lakin Tatrıstandan çəkilən videolar göstərir ki, bu PUA-lar daha iri və dağıdıcıdır.

“AzPolitika” xəbər verir ki, Ukraynanın Rəqəmsal transformasiya naziri Mixail Fyodorov Almaniyanın “Welt” qəzetinə müsahibəsində Ukrayna PUA-larının istehsalındakı yeni nailiyyətlərdən danışıb.
O, bildirib ki, ukraynalı mütəxəssislər 1 min kilometrdən çox uçuş məsafəsi olan döyüş PUA-ları hazırlayıblar. Nazir qeyd edib ki, Ukraynanın Rusiya neft emalı zavodlarına daha əvvəlki hücumlarında 700-1000 kilometr arasında uçuş məsafəsi olan dronlardan istifadə edilib: “Amma indi 1 min kilometrdən çox uça bilən modellər var”.
Onu da əlavə edək ki, mütəxəssislər bu gün səhər Tatarıstana hücum edən dronların uçuş məsafəsinin 1000 kilometri keçdiyini qeyd edirlər.

Fyodorov həmçinin bildirib ki, Ukrayna sənayesi ötən illə müqayisədə PUA istehsalını 10 dəfə artırıb və Ukrayna Silahlı Qüvvələrinə bir milyon belə qurğunun göndərilməsi ilə bağlı hakimiyyətin qarşıya qoyduğu hədəfi keçə bilər. Nazir deyib ki, bu, müxtəlif tipli dronlara, o cümlədən FPV (virtual reallıq eynəkləri ilə idarə olunan), kəşfiyyat, nəqliyyat, döyüş, kamikadze, dəniz və s. dronlara aiddir.
Nazir dəstə halında birləşərək süni intellektdən istifadə etməklə fəaliyyət göstərə bilən dronların hazırlanmasından da danışıb. Onun proqnozlarına görə, süni intellektə malik PUA-ların ilk prototipləri 2024-cü ilin sonunadək döyüş meydanında peyda ola bilər.
Xatırladaq ki, fevral və mart aylarında Ukrayna hərbçiləri Rusiyanın neft emalı zavodlarına çoxsaylı hücumlar həyata keçirib. Rusiya mətbuatının dərc etdiyi kadrlardan bunun üçün kifayət qədər böyük PUA-lardan istifadə edildiyi görünür.
Qərb hərbi ekspertləri qeyd edirlər ki, 2023-cü ildə dronların kütləvi istifadəsi döyüş meydanındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və Rusiyanın hücum təşkil etmək üçün texnika və şəxsi heyəti cəmləşdirməsini xeyli çətinləşdirib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər