“ABŞ və Qərbin siyasi dairələrində riyakarlıq kabusu dolaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin bugünkü iclasında çıxışında deyib.
O, qeyd edib ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qətiyyətlə pislənməlidir.
“Gəlin, Rasmussenin şəxsiyyətinin ikiləşməsinə diqqət edək. Torpaqlarımız işğal altında olanda Rasmussenin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə iki görüşündə səsləndirdiyi fikirlər - 15 fevral 2012-ci il tarixli görüşündən sitat: “Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avroatlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik”.
İkinci görüşdən (6 yanvar 2014-cü il) Sitat: “Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır.”
Rasmussen 10 il bundan öncə Sülh və sabitlikdən danışırdı. İndi isə bədnam hərəkətləri ilə sülh sazişinin imzalanmasına əngəllər yardır. Azərbaycanlıları doğma torpaqlarından vəhşicəsinə çıxardan, Xocalıda, Meşəlidə, bütün işğal etdikləri ərazilərimizdə qan donduran soyqırımlar törətmiş Ermənistana rasmussenlər və borellər icad etdikləri “Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” şüarı altında qahmar çıxırlarsa, onda sual yaranır: genosid, ekosid, urbisid, terrorizm nə vaxtdan Avropa dəyərlərinə çevrilib? Bəs maarifçilik, renessans, insan azadlıqları hara getdi? Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev Rasmussenə qısa və çox mənalı cavab verdi. Sitat: “Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”
Məşhur Britanika Ensiklopediyasında terrorizm anlayışına baxdım. Yalnız 2001-ci ilin 11 sentyabr terror hadisəsi haqqında geniş məlumat verilib. Bu barədə 100-lərlə kitab və minlərlə məqalə yazılıb. Antiterror əməliyyatı barədə də həmçinin. Antiterror nümunəsi var və biz də 30 illik terrora və vəhşiliyə 1 günlük antiterror əməliyyatı ilə cavab verdik. Dünyada baş verən terror hadisələri göstərir ki, Azərbaycan terror kimi vəhşi bir aktın kökünün kəsilməsi üçün də bəşəriyyətə öz töhfəsini verib.
Mina terroru isə hələ də qalmaqdadır. Bu işə də dəstək durmaqdan yayınırlar”.
“AzPolitika.info”


Şərhlər
Etibar Əliyevə təşəkkür edirik, minnətdarıq.