“Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Avropanın bir çox yerində nizami ordu bərpa edilərək genişləndirilib. Rusiyanın yaxınlığında yerləşən ölkələr nisbətən uzaqda yerləşən NATO müttəfiqlərini nizami ordunu bərpa etməyə çağırır. Britaniya da onları dəstəkləyir”.
“AzPolitika” xəbər verir ki, bu barədə BBC radiosunun araşdırmasında bildirilir.
Qeyd olunur ki, bu həftə Norveç ordu sıralarındakı əsgərlərinin sayını artırdığını elan edib. Danimarka da ötən ay qadınların orduya cəlb edilməsini artırmaq və xidmət müddətini uzatmaq niyyətini dilə gətirmişdi. Latviya və İsveç bu yaxınlarda hərbi xidməti bərpa edib. Litva isə hələ 2014-cü ildə, Rusiyanın Krımı ilhaq etməsindən sonra bu addımı atmışdı.
Rusiya heç vaxt NATO üzvü olan ölkəyə hücum etməyib. NATO-nun kollektiv müdafiə paktına görə, üzvlərdən birinə hücum edilərsə, bu, bütün üzvlərə hücum anlamına gəlir.
NATO-nun üç üzvünün – ABŞ, Britaniya və Fransanın nüvə silahı var. Rusiya da nüvə dövlətidir. Bu üzdən, belə münaqişənin meydana gəlməsi nüvə eskalasiyası riski yaradardı.
Estoniyanın Baş naziri Kaya Kallasın fikrincə, NATO müttəfiqlərinin öz ÜDM-lərinin 2 faizini müdafiə xərclərinə ayırmaqla bağlı öhdəliklərinə əməl etməsi çox vacibdir: "1938-ci ildə savaşın başlanacağı bilinirdi. O səbəbdən müdafiə xərcləri 100 faiz artırıldı, ancaq artıq çox gec idi. Yaşayış tərzimizi qoruyub saxlamaq, Avropada sülhü qoruyub saxlamaq üçün bunu indi etməliyik".
Ancaq 2024-cü ildə NATO üzvlərinin 2/3-dən azı 2 faizlik maliyyələşdirmə öhdəliyini yerinə yetirib. Bu acı gerçək hələ prezidentliyi dönəmində Donald Trampı da qıcıqlandırırdı. 2021-ci ildən bəri Estoniyaya rəhbərlik edən xanım Kallas hərbi çağırışı həm Rusiyanın qarşısının alınması, həm də hücum baş verərsə, daha güclü müdafiənin ayrılmaz hissəsi sayır: "Bizim 44 min nəfərlik ehtiyat ordumuz var. Bu, Böyük Britaniya üçün iki milyon nəfərə yaxın adam deməkdir. Öz ölkələrini qorumağa hazır olan və nə etməli olduğunu bilən iki milyon adam.
…Biz müstəqilliyimizi və azadlığımızı bir dəfə itirmişik və yenidən itirmək istəmirik. Belə bir söz var: azadlığı və onun mənasını azadlığın olmayanda anlayırsan".
“AzPolitika.info”


Şərhlər