“Ukraynanın NATO-ya dəvəti alyansın iki ölkəsi - ABŞ və Almaniya tərəfindən dəstəklənmir”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina yerli mətbuata açıqlamasında bildirib.
"Dəvətin formatı NATO-ya üzv olmaq üçün hüquqi təminat kimi Ukraynanın özü tərəfindən təklif edilib. Bu, gündəmdədir. İki ölkə istisna olmaqla, bütün müttəfiqlər bu qərarı dəstəkləyir".
Stefanişinanın sözlərinə görə, bu məlumat ictimailəşəndən sonra ABŞ və Almaniya indi “Macarıstan və Slovakiya kimi digər skeptik müttəfiqlərə” diqqət yetirməyə çalışırlar: “Ancaq əsas mövqe bu iki ölkənin (Almaniya və ABŞ - red.) mövqeyidir”.
O, həmçinin qeyd edib ki, dəvət məsələsi Vaşinqton sammiti ilə bağlı deyil: “NATO-nun bütün mühüm qərarları sammitə buraxmamaq adəti var”.
Stefanişina qeyd edib ki, bu, xüsusilə, İsveç və Finlandiyanın NATO-ya dəvəti və qəbulu ilə bağlı nəzərə çarpdı .
Onun dediyinə görə, Ukraynanın alyansa dəvəti Vaşinqton sammitində, NATO-nun yeni baş katibinin iştirakı ilə və ya “hər an” ola bilər.
Qeyd edək ki, alyansın növbəti sammiti iyulun 9-dan 11-dək ABŞ paytaxtında keçiriləcək. Bir müddət əvvəl isə ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya daxil olması üçün “yol xəritəsi”nin hazırlanmasını müzakirə etməyi planlaşdırır.
“AzPolitika”


Şərhlər