Türkiyə-Rusiya ticarət dövriyyəsinin həcmi kəskin şəkildə azalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Türkiyə Ticarət Nazirliyinin ilkin məlumatlarına görə, bu ilin birinci rübündə ölkənin Rusiyaya ixracı ötən illə müqayisədə 33,7% azalıb. Xüsusilə dəzgahların, elektrik mühərriklərinin və nasosların ixracında azalma diqqət çəkir.
Mühəndislik Məhsulları İxracatçıları Birliyinin sədri Kutlu Karavelioğlunun sözlərinə görə, bu il sürətlə genişlənən sanksiya siyahıları və ikili təyinatlı malların ixracına qoyulan məhdudiyyətlər səbəbindən Rusiyaya tədarük bir milyard dollar azaldıla bilər. Bu, Rusiyaya keçən ilki satışın üçdə bir hissəsidir.
Bundan əvvəl Avropa İttifaqı Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərini Rusiyaya ixracı qadağan olunmuş mal və texnologiyaların əsas tədarükçülərindən biri kimi göstərib. Ötən ilin payızında Ağ Ev Rusiya hərbi-sənaye kompleksinin istifadə edə biləcəyi malların Rusiyaya ixracını məhdudlaşdırmaq üçün ikinci dərəcəli sanksiyalar elan edib. Məlumdur ki, Vaşinqton Rusiya ilə aktiv ticarəti davam etdirən ölkələrə sanksiyaların pozulmasının nəticələri barədə ciddi xəbərdarlıq edib. Nəticədə bir neçə Türkiyə və Çin bankı Rusiya müştəriləri ilə işləməkdən imtina edib.
Bu ilin fevralına qədər Qərb ölkələri Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı təxminən 18 min sanksiya tətbiq edib. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri onların sayı altı dəfə artıb. Qərb ölkələrinin hakimiyyət orqanları, xüsusən də ikili təyinatlı mallar hesab edilən ehtiyat hissələrinin, yarımkeçiricilərin və çap elektron lövhələrinin Rusiyaya ixracı ilə bağlı sanksiyaların həyata keçirilməsinə nəzarəti gücləndirir.
Rasim
“AzPolitika.info”


Şərhlər