Prezident İlham Əliyevin sərəncamı ilə deputat Ramin Məmmədov Dini İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Beləliklə, parlamentin tərkibi daha bir deputat azalaraq, 115-ə düşüb.

2020-ci il fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticəsində formalaşan Mili Məclisdə 10 yer boşdur. 

Mərkəzi Seçki Komissiyası seçkidən sonra 4 dairənin nəticələri ləğv edib:

- 33 saylı Xətai birinci seçki dairəsi (Hüseynbala Mirələmov);

- 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizədlər Rauf Arifoğlu və İqbal Ağazadə);

- 74 saylı Lənkəran kənd seçki dairəsi (Hadı Rəcəbli);

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi (Çingiz Qənizadə)

Deputat seçilənlərin bir qismi isə ya vəfat edib, ya dövlət vəzifələrinə təyin olunub, ya da mandatdan məhrum edilib:

- 116 saylı Qəbələ seçki dairəsindən millət vəkili Fəttah Heydərəov 2020-ci ilin avqust ayının 4-də vəfat edib;

- 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirli bilinərək, 3.6 il müddətinə həbs olunub. Yaxın aylarda onun həbs müddəti başa çatır.

- 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

- 10 saylı Binəqədi seçki dairəsindən deputat Madər Musayev 2023-cü il iyulun 14-də 75 yaşında vəfat edib.

-105 saylı Tovuz seçki dairəsindən deputat, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2023-cü il sentyabrın 28-də vəfat edib.

64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Ramin Məmmədov Dini İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, parlament buraxılacağı halda 1 ay müddətində yeni seçkilər təyin olunmalıdır.

Milli Məclisə təkrar seçkilər isə Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib.

Həmin maddəyə əsasən, dairə seçki komissiyası və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir. Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməzsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb. Prezident, hətta Milli Məclisin çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər.

Qanunvericiliyə görə, Azərbaycanda növbəti parlament seçkiləri bu ilin noyabr ayının ilk bazar günü keçirilməlidir. Həmin tarixdə ölkədə COP-29 beynəlxalq iqlim sammitinin gerçəkləşəcəyini nəzərə alsaq, seçkilər daha əvvəlki aylara təyin edilə bilər. Bunun üçün ya Prezident parlamentin buraxılması barədə fərman imzalamalıdır, ya da deputatların üçdə ikisi mandatdan imtina etməlidir.

Birinci halda, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər.

İkinci halda isə 83 deputatın istefa ərizəsi yazması tələb olunur.

“AzPolitika”-nın əldə etdiyi məlumata görə, yay aylarında ölkədə yeni parlament seçkiləri keçiriləcək. Bu istiqamətdə hazırlıqlar artıq yekunlaşıb. Mərkəzi Seçki Komissiyasının və icra qrurumlarının əməkdaşları mart-aprel aylarında məzuniyyətə göndərilib. Görünür, onlar qızmar istilərdə iş başında olacaqlar...

Rasim Əliyev

“AzPolitika.info”