Moskva birjasında rublun avro və dollar qarşısında rekord enişi səhər saatlarında qeydə alınıb

Moskva birjasında rublun avro və dollar qarşısında rekord enişi səhər saatlarında qeydə alınıb.

ANS TV-nin məlumatına görə, dollar az qala 60 rubl, avro isə 68 rubla çatıb. Amma bir qədər sonra Mərkəzi Bankın müdaxiləsi ilə rus pulu dəyərini cüzi də olsa artıra bilib. Amma yenə də dollar 54, avro 67 rubldan yüksəkdir.

Moskva Fond Birjasının sözçüsü Nikita Bekasov rubl neftin qiymətinə qarşı çox həssas olduğunu deyir. Ona görə, neft ucuzlaşan kimi rubl da aşağı düşür. Noyabrda biz rublun dollar və avro qarşısında ən sürətli enişini müşahidə etdik. Son günlər milli valyutanın maksimum enişi yeniləndi.

Artıq hökumət vəziyyəti tənzimləmək üçün aktiv addımlar atmağa başlayıb. Dekabrın ilk günü Mərkəzi Bank dövriyyədən 700 milyon dollar həcmində vəsait alıb. Amma ekspertlər bu addımların kifayət etmədiyini və ixtisarların qaçılmaz olduğunu deyirlər.

İqtisadçı Vladimir Tixomirov deyir ki, hökumət gələn ilin ilk rübündə büdcəyə yenidən baxacaq. Ən əsası isə büdcədə bəzi xərcləri ixtisar edəcək ki, büdcə balanslı olsun. O büdcənin kəsir riskinin çox böyük olduğunu və bunun ehtiyat fondu hesabına bağlana biləcəyini dedi.

Amma bu Rusiya maliyyə sistemini, büdcə sistemini təhlükə altına qoya bilər.

Rublla bağlı baş verənlər Azərbaycanda da hiss olunur. Bir ay əvvəl 1rubl 2 qəpiyə yaxın idisə, indi bu məzənnə 1,4 qəpikdir. Valyuta dəyişmə məntəqələrində rus rubluna tələbatın kəskin azaldığını deyirlər.