Menu

Azərbaycandan Türkiyəyə jest

03.12.2014, 20:36
Azərbaycandan Türkiyəyə jest

Nazir müavini Elmir Vəlizadə “Azersky” peyki ilə bağlı açıqlama verdi

Qardaş ölkə olan Türkiyə “Azersky” peykinin xidmətlərindən yararlana bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

E.Vəlizadə qeyd edib ki, Azərbaycanın Yer səthinin müşahidə peyki “Azersky” geniş funksiyalara malikdir. Bu peyk təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük imkanlar yaradır. Düzdür, Türkiyənin də peykləri var, amma onlar daha çox telekommunikasiya peykləridir. Odur ki, Türkiyə tərəfi istəyərsə, “Azersky”in xidmətlərindən istifadə edə bilər.

Qeyd edək ki, “BakuTel-2014” sərgisi çərçivəsində dekabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və bundan sonra “Azersky” adlandırılacaq “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verilib. “Azərkosmos”a məxsus “Azersky” və “Airbus Defence and Space” şirkətinin “Spot 6” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. “Azersky” və “Spot 6” peyk toplusu gün ərzində 6 milyon kilometr ərazinin şəklini çəkə bilir. Bu isə Yer kürəsinin hər bir nöqtəsinin “Azersky” və “Spot 6” peykləri tərəfindən hər gün yüksək ayırdetmədə müşahidəsinə imkan verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol