“Rusiya hakimiyyəti martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı ABŞ-dan məlumat istəyib. Amerika tərəfi əlində olan informasiyaları verib, gələcəkdə də bunu etmək niyyətindədir”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi bildirib.
Treysi heç bir təfərrüat verməyib. O, yalnız Rusiyadan “birbaşa xahişin” olduğunu və “Kremllə real və dərin fikir ayrılıqlarına” baxmayaraq, ABŞ-ın baş verənlərin araşdırılmasına kömək etməyə hazır olduğunu açıqlayıb.
“Çünki Rusiya vətəndaşlarının təhlükəsiz və ləyaqətli yaşamaq hüququ var” – deyə, o, əlavə edib.
“Crocus”a hücumdan bir müddət əvvəl ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələrinin kəşfiyyat xidmətləri Rusiya hakimiyyətinə ölkədə terror aktlarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq etmişdi. Sonra Vladimir Putin bu məlumatı “şantaj” və Rusiya cəmiyyətini qorxmaq və sabitliyi pozmaq niyyəti adlandırıb. Rəsmi məlumatlara görə, “Crocus”a hücumda 140-dan çox insan həlak olub.
Aprelin 9-da Rusiya İstintaq Komitəsi ABŞ və NATO ölkələrinin yüksək vəzifəli şəxsləri tərəfindən terrorizmin maliyyələşdirilməsi ilə bağlı cinayət işi açıb. Bu şəxslərin adları açıqlanmayıb. İstintaq Komitəsi yalnız 2014-2019-cu illərdə Ukraynada fəaliyyət göstərən neft-qaz şirkəti “Burisma Holdings" də daxil olmaqla, terrorizmi maliyyələşdirmək üçün pul köçürdüklərini bildirib.
İstintaq Komitəsi həmçinin ABŞ-ın yüksək vəzifəli məmurları tərəfindən kimin maliyyələşdirildiyini də dəqiqləşdirməyib.
“AzPolitika.info”


Şərhlər