Bayden administrasiyası dövründə Donald Trampın prezidentliyi zamanı olduğundan daha çox Çin qurumu və fiziki şəxsi qara siyahıya salınıb.
ABŞ Ticarət Departamenti fevral ayında Baydeni Trampın rekordunu geridə qoyaraq, səkkiz Çin şirkətini ixrac qara siyahısına əlavə edib. Ötən həftə daha altısı əlavə edilib və bununla da hazırkı administrasiya altında yeni hədəflərin sayı 319-a çatıb. Trampın prezidentliyi dövründə təxminən 306 qurum departament tərəfindən qara siyahıya salınıb.
Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsi 2018-ci ildə Trampın hakimiyyətdə olduğu müddətdə ABŞ-nin idxal etdiyi Çin mallarına kütləvi rüsumlar tətbiq etməyə başladığı vaxtdan bəri kəskinləşir. Respublikaçı lider Pekini ədalətsiz ticarət təcrübələri və əqli mülkiyyət oğurluğu etməkdə ittiham etməklə tədbirləri əsaslandırıb.
“Bloomberg” yazır ki, Bayden Çinlə ticarətdə sərt mövqeyini davam etdirib. O, nəinki sələfinin tətbiq etdiyi tarifləri yerində qoyub, həm də süni intellekt sektorunda olanlar da daxil olmaqla, innovasiyalara çıxışı əngəlləyən məhdudiyyətlərə diqqət yetirərək, təzyiqi artırıb.
Çin səlahiyyətliləri Vaşinqtonun siyasətini pisləyib və məhdudiyyətləri dünyanın ikinci ən böyük iqtisadiyyatının inkişafına mane olmaq cəhdi adlandırıb.
Ötən həftənin əvvəlində Çin Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, ABŞ-nin tətbiq etdiyi ixrac nəzarəti tipik iqtisadi məcburiyyət və birtərəfli zorakılıq davranışıdır: “ABŞ dərhal səhvlərini düzəltməli və Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmalıdır”, o deyib və Pekinin qanuni hüquqlarını və ölkə bizneslərinin maraqlarını müdafiə edəcəyini söyləyib.
Ötən cümə Çin Xarici İşlər Nazirliyi ABŞ-nin müdafiə sənayesi şirkətləri “General Atomics Aeronautical Systems” və General Dynamics Land Systems”-ə qarşı Tayvana silah satışına görə sanksiyalar elan edərək, Vaşinqtonu onun suverenliyinə xələl gətirməkdə ittiham edib.
AzPolitika.info


Şərhlər