“İqlim dəyişiklikləri təkcə ölkələrin iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına, ətraf mühitə, biomüxtəlifliyə, qlobal qida təhlükəsizliyinə və digər sahələrə zərər vurmur, eləcə də regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir”.
“AzPolitika” xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, getdikcə intensivliyi artan fırtına və sellər, burulğanlar yerli infrastrukturu, evləri məhv edir, dəniz səviyyəsinin yüksəlməsi isə nəticədə tamamilə su altında qala biləcək kiçik ada dövlətlərinin, bir sıra sahilboyu ölkələrin mövcudluğunu təhlükə altına salır. “Bu da iqlim dəyişikliklərinin qlobal təhlükəsizlik sisteminə, insan haqlarına, beynəlxalq hüquqa aid məsələlərə də təsir göstərmiş olması anlamına gəlir”, - millət vəkili əlavə edib.
Komitə sədri bildirib ki, bu mənfi təsirlərin ölkələrarası münasibətlərin gərginləşməsi, münaqişələrin meydana gəlməsi ilə müşayiət olunma ehtimalı da var: “Belə ki, həmsərhəd qonşu ölkələrdə su, meşə, qida, balıq ehtiyatlarının müştərək istifadəsi məsələlərində gərginlik yarana bilər. Gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir”.
S.Qurbanov vurğulayıb ki, dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır və bunu hər kəs dərk etməlidir. “Bu gün dünyada su çatışmazlığından və ya sudan zəhərlənmədən hər 8 saniyədə bir uşaq ölür.
Ekoloji mədəniyyət ümumbəşəri insan mədəniyyətinin bir hissəsi, ictimai münasibətlər sistemi, insan və təbiət arasındakı əlaqəyə dair sosial, fərdi əxlaqi və etik normalar, baxışlar, münasibət və dəyərlər, insan cəmiyyəti ilə təbii mühitin birlikdə yaşamasının harmoniyası, insan cəmiyyətinin təbii mühitə və ümumiyyətlə, ekoloji problemlərə münasibəti ilə həyata keçirilən insan və təbiətin ayrılmaz birləşmə mexanizmidir. Eyni zamanda, ekoloji mədəniyyət insanların təbiəti, ətraf aləmi və onların kainatdakı mövqeyini, bir insanın dünyaya münasibətini qiymətləndirmə səviyyəsidir. Fərdlərin ekoloji mədəniyyəti isə təbii sərvətlərdən rasional istifadə, ətraf mühitin qorunması üçün fərdi ekoloji qaydaların və tələblərin şüurlu şəkildə yerinə yetirilməsi mənasını verən mürəkkəb və uzun bir prosesdir. Bu prosesin əvvəli tərbiyəyə, xüsusəndə ailə tərbiyəsi ilə sonrası isə elmi biliklərə və elmi yaradıcılığa söykənməlidir. Bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Bitkilər havanı oksigenlə zənginləşdirir və karbon qazını udur. Ağaclar əkilən sahənin hər hektarından bir ildə atmosferə insan həyatı üçün çox faydalı olan 30 kiloqrama qədər efir yağı buraxır. Antropogen fəaliyyət nəticəsində bir hektar sahədən bir saat ərzində havaya buraxılan 200 kiloqram karbon qazını ağac və kollar udur. Yaşıl massivlərdə hər ağac orta miqdarla bir il ərzində 30-40 kiloqram, böyük çətiri olan ağaclar isə 68 kiloqrama qədər toz və digər hissəcikləri udur. Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Ağac və kol bitkiləri havanı tullantı qazlardan təmizləyir, həm də səs-küy udma xüsusiyyətinə malik olduğundan insan üçün ziyanlı səsləri tənzimləyir. Ekoloji mədəniyyət həm də konkret insan fəaliyyəti ilə əlaqədardır. Bunun üçün gənc nəslin ekoloji tərbiyəsi və bu sahədə bilikləri önəmlidir. İnsanlar üçün ekoloji təhsilin strategiyası, konsepsiyası, proqramı hazırlanmalı və həyata keçirilməlidir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, yəni uşaqlıqdan başlamaq lazımdırki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai sinifərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə genişləndirilməlidir. Hər bir vətəndaş kiçik yaşlarından torpağın, havanın və suyun çirklənməsinin insan həyatı üçün təhlükə yaradan eko¬loji fəlakətə səbəb ola biləcəyini anlamalıdır. Dərk etməlidir ki, ətraf mühitin mühafizəsi hər kəsdən eyni dərəcədə asılıdır", - deyə komitə sədri əlavə edib


Şərhlər