ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yeni yardım paketi haqqında qanun layihəsini dərc edib. Bu, Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını, uzaq mənzilli ATACMS raketlərini və kredit sisteminə keçidi nəzərdə tutur.
ATACMS 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. Kiyev uzun müddətdir ki, ona veriləcək maksimum diapazonlu bir model istəmişdi. Eyni zamanda, sənədə əsasən, ABŞ Prezidenti onların ötürülməsinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına zərər verəcəyini hesab edərsə, uzaqmənzilli raketlərin tədarükünü təxirə sala bilər.
Co Bayden artıq sənədi dəstəkləyib və Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırıb.
Nümayəndələr Palatasında qanun layihəsinə səsvermə aprelin 20-nə təyin edilib. Yardım paketi üç hissəyə bölünüb: Ukrayna, İsrail və Tayvana dəstək. Hər bir paket üzrə səsvermə ayrıca keçiriləcək.
Sənəddən belə çıxır ki, 60 milyard dollarlıq paketin təqribən 23 milyard dolları ABŞ-nin silah arsenalını (hansı ki, ehtiyat anbarlardn Ukraynaya yardım kimi göndərilib -red) artırmaq üçün istifadə olunacaq. Kiyev üçün silah alınmasına təxminən 14 milyard dollar xərclənəcək. ABŞ-ın bölgədəki hərbi əməliyyatlarına 11 milyarddan çox vəsaitin xərclənməsi planlaşdırılır. 26 milyon dollar Ukraynaya verilən yardıma nəzarət etmək üçün istifadə olunacaq.
Qanun layihəsi qəbul olunarsa, Ağ Ev ay yarım ərzində Konqresə Ukraynaya dəstək üçün uzunmüddətli strategiya göndərməli, iki ay ərzində isə Kiyevlə göstərilən yardımın qaytarılmasına dair saziş bağlamalıdır. Prezident borcun yarısına qədərini silə biləcək, lakin bu, bu ilin noyabrın 15-dən gec olmayaraq edilə bilər.
“AzPolitika.info”


Şərhlər