“Rusiya sülhməramlılarının Qarabağdan getməsinin əsas səbəbi erməni əhalinin oranı kütləvi tərk etməsi ilə bağlıdır”.

Bunu “AzPolitika.info”ya şərhində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, Rusiya ərazidə başqa ölkənin hərbi kontingentini istəmirdi və bu, Azərbaycanın maraqlarına da uyğun idi. “Ancaq son ana qədər Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi nəticəsində Paşinyanın yerinə gələcək adama xoş olması üçün Qarabağ ermənilərinin geri qayıtmasını aktuallaşdırmaq niyyətində idi. Bununla Bakı və İrəvana təzyiq də edirdi. Hələ fevralda Rusiya xarici işlər nazirinin müavini Qaluzin bildirmişdi ki, Qarabağ ermənilərinin geri qayıtmasının ən yaxşı qarantı sülhməramlı qüvvələridir", - ekspert əlavə edib.

Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanda əks-səda doğurmadı: "Kreml gördü ki, Qarabağı tərk edən ermənilər Azərbaycanın şərtləri ilə heç vaxt qayıtmayacaqlar. İkinci səbəb Ukrayna savaşıdır".

İ.İsmayıl inanmır ki, Rusiya ordusunun Qarabağda qalması üçün ekstremal şərait yaransın: "Rusiya da bunu gözləmədiyi üçün belə qərar verdi".

Ekspertin fikrincə, sülhməramlı kontingentin bir hissəsi Qarabağda saxlanılmayacaq: "2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Rusiya sülhməramlılarının bir hissəsi onsuz da Azərbaycandan çıxmışdı. Artıq onların Qarabağda qalması barədə rəsmi heç nə yoxdur. Əgər rəsmi şəkildə desəydilər ki, bir hissəsi qalır, o zaman sual aktual olardı. Amma Kremlin mətbuat katibi Dmitri Peskovun bəyanatında tərk etmə prosesinin başlandığı qeyd olunur. Bu il sentyabrın 24-nə qədər məsələnin bitəcəyi bildirilir. Kontingentin bir hissəsi o zaman qalardı ki, Qarabağı tərk edən ermənilərin geri qaytarılmasına cəhd olardı…"

“AzPolitika.info”