Menu

Putin-Ərdoğan birliyi məqsədinə çatır: Türkiyə Avropanı çəzalandırır

04.12.2014, 17:53
Putin-Ərdoğan birliyi məqsədinə çatır: Türkiyə Avropanı çəzalandırır

Üzv ölkələrin maliyyə məsələləri ilə Aİ Komissiyası məşğul olur. Bu baxımdan Aİ diplomatları hesab edirlər ki, Türkiyə üzvlük üzrə danışıqlarda "Cənub Axını"nın dayandırılmasından istifadə edəcək. Xəbəri "EUobserver" yayıb.

Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Türkiyədə bildirmişdi ki, layihə anti-inhisar qaydalarına zidd olduğu üçün Aİ buna etiraz edir. Ona görə də Qara dənizin altından Avstriya və İtaliyaya boru kəmərinin inşası dayandırılacaq.

Əvəzində isə Türkiyə-Yunanıstan sərhəddində eyni tutumlu yeni birləşdirici şəbəkə və iri boru kəməri inşa olunacaq. Yeni boru kəməri ilə ildə 63 milyard kub metr təbii qaz nəql olunacaq. Bunun 14%-i güzəştlə Türkiyəyə, qalanı isə cənub-şərqi Avropa ölkələrinə satılacaq.

Putinin qərarı "Cənub Axını" ölkələri və iştirakçı şirkətlər üçün gözlənilməz olub. Bolqarıstan, İtaliya, Macarıstan və Serbiya qərarla bağlı qabaqcadan xəbərdar olunmadıqlarını bildiriblər. Bu qərar onları hər il tranzit rüsumuna görə yüz milyonlarla avro qazancdan məhrum edəcək.

Bu xəbərdən sonra italyan və alman inşaat şirkətləri "Saipem" və "Salzgitter" də öz paylarını itiriblər.

"Yaxın günlərdə Putinin dünənki qərarının qəti olub-olmadığı aydın olacaq", - İtaliyanın xarici işlər naziri Paolo Gentiloni dekabrın 2-də deyib.

Bolqarıstan prezidenti Rosen Plevneliev Sofiyada bildirib ki, "Cənub Axını" layihəsini xilas etmək mümkündür. "Rusiya Avropa qanunlarına riayət etsə, məncə, heç kəs bu layihəyə etiraz etməz", - o deyib.

"Qərb və Şərq "siçan-pişik" oynayırlar, bunun ziyanını isə Serbiya çəkir", - Serbiya prezidenti Tomislav Nikoliç deyib.

Putinin qərarının Aİ Komisiyasının anti-monopoliya qaydalarında güzəştə getməsi üçün təhdid olub-olmadığı hələ məlum deyil.

Aİ diplomatlarından biri "EUobserver"ə bildirib ki, Türkiyə-Rusiya boru kəməri hələ ilkin mərhələdədir, heç nə alınmaya da bilər.

"Rusiya hər yerdə "anlaşma memorandum"ları imzalayır. Bu o demək deyil ki, onların hamısı öz bəhrəsini verəcək", - diplomat əlavə edib. Buna baxmayaraq, mənbə bildirib ki, Rusiya-Türkiyə boru kəmərinin inşası Avropanın enerji təhlükəsizliyinə ziyan vuracaq və "Cənub Axını" modelindəki kimi Rusiyadan asılılığı artıracaq. "Aİ və ABŞ hər ikisi Türkiyəyə diplomatik təzyiq göstərməlidir.Türklər kimin müttəfiqi olduqları haqqında qərar verməlidirlər", - o bildirib.

Aİ rəsmisi güman edir ki, Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Rusiyanın təklifindən Aİ-nin dondurulmuş üzvlük danışıqlarında yeni fəsillər açmasında istifadə edəcək. O belə deyəcək: "Baxın, siz üzvlük danışıqları üzrə hələ yeni fəsillərə keçməmisiniz. Yeni fəsillərə keçməmiş sizinlə heç bir müzakirədən söz gedə bilməz", - mənbə bildirib.

Dekabrın 2-də Aİ Komissiyasının yeni enerji sədri, slovakiyalı Maroş Şevçoviç dekabrın 9-da sabiq sovet ölkələrində danışıqlar keçirəcəyini bildirib. "Bu yeni qərar da əlavə müzakirə obyekti olacaq. Aİ-də daim dəyişən enerji landşaftı Aİ-nin iqlim siyasətini nəzərə alan çevik Enerji İttifaqını yaratmasının səbəblərindəndir", - Şevçoviç yeni komissiyanın yazda Aİ-nin enerji təhllükəsizliyi ilə bağlı verdiyi təklifə istinad edərək belə deyib.

Elə həmin gün onun Şefçoviçin nümayəndəsi Anna-Kaisa Itkonen bildirib ki, Avropada boru kəmərləri Aİ qanunvericiliyinə uyğun inşa olunmalı və fəaliyyət göstərməlidir. "Cənub Axını" heç vaxt baş tutmasa da, itirilmiş gəlirə görə Aİ-dən kompensasiya tələb etməyə heç bir "hüquqi əsas yoxdur", - o deyib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol