Menu

Vəkillər Kollegiyasının mərhum sədrinin doğum günüdür - Hüquq cameəsi onu ehtiramla yad edir

25.04.2024, 16:54
Vəkillər Kollegiyasının mərhum sədrinin doğum günüdür - Hüquq cameəsi onu ehtiramla yad edir

Bu gün Vəkillər Kollegiyasının mərhum sədri (2004-2017), hüquq cameəsinin fəxrlərindən olan Azər Tağıyevin doğum günüdür. Yaşasaydı 76 yaşını tamam olacaqdı. Vəfatından 6 il keçsə də, hüquq cameəsi onu minnətdarlıqla xatırlayır. Yalnız yaxınları, dostları deyil, həmkarları, onunla birlikdə işləyən vəkillər də doğum günündə Azər Tağıyevi yad edib, məzarı başında ruhuna dualar oxuyublar. 

Qeyd edək ki, Azər Tağıyev 1948-ci il aprelin 25-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində ali təhsil alıb. 1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakıda 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlayıb.

1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, həmin ilin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Azər Tağıyev 2004-cü il 3-4 noyabr tarixində təsis edilən Azərbaycan Vəkillər Kollegiyasının ilk sədri seçilib və 13 il - 7 dekabr 2017-ci ilədək bu vəzifədə çalışıb. O, həm də 1998-ci ildən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilib və ömrünün sonuna qədər seçki qurumunun işində iştirak edib.

Azər Tağıyev 30  aprel 2018-ci ildə dünyasını dəyişib. 

Vəkillər A.Tağıyevin Vəkillər Kollegiyasına rəhbərlik etdiyi dövru qurumun tarixinin "qızıl dövrü" adlandırırlar.  Məhz onun səyi ilə ölkənin tanınmış hüquqşünaslarının toplaşdığı bu qurumda demokratik mühitin formalaşdırıldığı bildirilir.

Azər Tağıyev Azərbaycanda vəkillik institutunun formalaşmasında misilsiz rol oynadığı da qeyd edilir. Təsadüfü deyil ki, bu gün Vəkillər Kollegiyası onun dövründə vəkil mantiyası geyinərək fəaliyyətə başlamış hüquqşünasların çiynindədir. Vəkillik institutunun cəmiyyətdəki nüfuzunu da onların özləri və yetirmələri olan gənc hüquqşünaslar formalaşdırır. 

Vəkillər, hüquqşünaslar A.Tağıyevi böyük rəğbətlə anırlar. Bildirirlər ki, sadəliyi, təmənnasız və iddiasız olması, vicdanlı həyat tərzi, yüksək mənəvi keyfiyyətləri onu hər zaman hüquq cameəsinin yaddaşında yaşadacaq.

Allah rəhmət eləsin!

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol