2020-ci ildəki Vətən müharibəsində qazanılan şanlı qələbə, ötən ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağda suverenliyimizin tam bərpa olunması ilə nəticələndi. Döyüş meydanındakı uğurların ardından siyasi arenadakı zəfərimizlə Qarabağdakı Rusiya sülhməramlılarının hərbi kontingentinin vaxtından əvvəl bölgəmizi tərk etməsi təmin edildi. Beləliklə, "Qarabağa qayıdış" layihəsinin önündəki bütün əngəllər aradan qaldırılmış oldu.

Bu gün əminliklə söyləmək olar ki, ölkə başçısının 16 dekabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə başlayan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bundan sonra daha sürətli və çevik şəkildə icra olunacaq. Hazırda ölkəmizin qarşısında duran bu mühüm vəzifənin gerçəkləşməsi üçün dövlətin bütün imkanları səfərbər edilir. Təkcə bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Bu il Qarabağ və Şərqi Zəngəzurun bərpasına büdcədən 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu gün büdcədən ayrılan vəsaitlər hesabına əhalinin qayıdışını təmin etmək üçün işğaldan azad olunan ərazilərimizdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.

Qeyd edək ki, 19 iyul 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün də sürətlə davam etdirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yaşam üçün lazımi infrastruktur qurulduqca Füzuli şəhərinə, Laçın şəhərinə, Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın rayonunun Zabux kəndinə ailələr yerləşdirilir.

Bəs maraqlıdır, indiyə qədər “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağa nə qədər əhali köçürülüb?

19 iyul 2022-ci il tarixdən bu günə qədər işğaldan azad edilən ərazilərə ümumilikdə 1492 ailə (5891 nəfər) köçürülüb.

Bölgələr üzrə köç nisbəti aşağıdakı formadadır:

- Füzuli şəhəri - 635 ailə (2317 nəfər)

- Laçın şəhəri - 451 ailə (1705 nəfər)

- Ağalı kəndi - 175 ailə (871 nəfər)

- Talış kəndi - 20 ailə (90 nəfər)

- Zabux kəndi - 211 ailə (808 nəfər)

Qeyd edək ki, ötən gün Almaniya kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Berlinə işgüzar səfərə yollanan ölkə başçısı İlham Əliyev də "Qarabağa qayıdış" prosesindən danışıb.

Ölkə başçısı Olaf Şolts ilə birgə mətbuat konfransında deyib ki, bu ilin sonunda qədər 20 min məcburi köçkünün Qarabağdakı daimi yurdlarına köçürülməsi planlaşdırılır.

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min məcburi köçkün doğma yurduna qayıdacaq. Qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir”, - deyə, Prezident bildirib.

Qeyd edək ki, ölkə başçısının da vurğuladığı kimi, bu ilin sonunadək işğaldan azad olunan ərazilərə 5 min 171 ailənin köçürülməsi planlaşdırılır. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq isə 2026-cı ilədək 34 500 ailənin yəni, 140 min nəfərin doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.

Elvin

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.