Azərbaycan həbsxanalarından birində dəhşətli hadisə baş verib. AzNews.az xəbər verir ki, Azərbaycanda həbsdə olan məşhur “qanuni oğru” “Loti Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir “qanuni oğru”ya - “Zayka”ya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə “Zayka”nın (Zaur Əliyev) azadlıqda olarkən “Lotu Quli” haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub.
Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunaraq, Azərbaycana ekstradisiya olunub (“Zayka”nın həbsi ilə bağlı yayılan videonu yazının sonunda - red.).
Onun həbsi və Azərbaycana göndərilməsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, “Zayka” Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman “Zayka”dan söyüşlərin “hesabını” sorulub. Onlar başçı – “Lotu Quli” ilə telefon bağlantısı yaradaraq “Zayka” ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan “Zayka” Lotu Qulini söydüyünə görə üzr istəyib. Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.
Bildirək ki, “Zayka”nın hansı klana aid olduğu barədə bir mənalı fikir yoxdur. Lakin “Quli”yə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin admı olduğu fikrini yaratmışdı.
Əgər doğrudan da “Zayka” Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki “nəhəngi” arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları “Quli”nin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.
Sonda qeyd edək ki, baş verən bu hadisə hər şeydən öncə Azərbaycan həbsxanaları ilə bağlı biabırçı mənzərəni ortaya qoyur. Görəsən, saatlarla davam edən bu dəhşətli dram həbsxanada necə baş verib? Kriminal avtoritetə işgəncə verən şəxslər telefonla Quli ilə danışıblar və bütün proses lentə alınıb. Onlar dəmir barmaqlıqlar arasında belə asudə vaxtı, rahat şəraiti necə əldə ediblər? Həbsxanaların qisas düşərgəsinə çevirilməsi görəsən, kimin günahıdır? - AzNews.az-ın məlumatında belə deyilir.
***
Moskvadakı məlumatlı mənbə isə AzPolitika.info-ya açıqlamasında hadisənin Bakıdakı həbsxanada baş verdiyini təkzib edib. Mənbə deyib ki, Zaur Əliyev hazırda Moskvanın "Butırskaya" həbsxanasının təcridxanasında saxlanılır. Onun Azərbaycana ekstradisiya olunduğu barədə xəbər doğru deyil:
"O, Moskvada imkanlı azərbaycanlıları oğurlayaraq, onlara işgəncə verir, yaxınlarından külli miqdarda pul aldıqdan sonra sərbəst buraxırdı. Həm Quli, həm də Rövşən Lənkəranski ona dəfələrlə xəbərdarlıq etmişdilər ki, bu yoldan əl çəksin. Lakin o, bunlara fikir vermədi və hətta Qulini telefon danışığında söymüşdü. Ona görə də "Butırskaya" həbsxanasında olan uşaqlar onu cəzalandırdılar".
V. Nəsibov


QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər