“Ölkəyə vicdanlı adamların rəhbərlik edəcəyinə dair vədimi yerinə yetirmişəm”

Tanınmış rusiyalı jurnalist Yuri Dud Moldova Prezidenti Maya Sandudan müsahibə götürüb.

“AzPolitika” xəbər verir ki, M.Sandunun ciddi marağa səbəb olan müsahibəsi jurnalistin “YouTube” kanalında yayımlanıb.

Müsahibədə Ukraynadakı müharibədən, Dnestryanıdan, Moldovada korrupsiya və senzuradan, həmçinin Sandunun prezident maaşından söhbət açılıb.

Söhbətin əvvəlində Sandu 24 fevral 2022-ci il səhər baş verənlərdən danışıb. O, deyib ki, həmin gün səhər saat dörddə oyanıb və altıda öz komandası ilə iş başında olub. Sandu son ana qədər Rusiyanın Ukraynaya hücum edəcəyinə inanmadığını deyib.

O, Vladimir Zelenskinin müharibənin ilk və ən çətin günlərində Kiyevdə qalmaq qərarını dəstəkləyib: “Yeganə düzgün qərar qalmaqdır, çünki siz öz xalqınıza və onun təhlükəsizliyinə cavabdehsiniz. Bu, yeganə düzgün cavabdır. Burada heç bir sual ola bilməz. Siz ölkənin prezidentisiniz, təhlükəsizliyi təmin etmək üçün seçilmisiniz, bütün insanlar sizə baxır. Xalqınız üçün hər şeyi etmək məqsədilə orada olmalısınız”.

Dud Sandudan 2022-ci ildə müharibə başlayandan sonra Ukraynanın həqiqətən də Moldovaya “Dnestryanı ilə bağlı problemi hərbi yolla həll etməyi” təklif edib-etmədiyini soruşub.


Prezident cavab verib ki, Ukrayna rəsmilərindən heç vaxt belə təkliflər daxil olmayıb: “Biz həmişə demişik və deyəcəyik ki, bizim üçün Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həlli mümkündür… Sülh bizim üçün çox vacibdir”.

Maya Sandu deyib ki, hakimiyyətə gəlməmişdən əvvəl Moldovada böyük korrupsiya sxemləri olub. O prezident olandan sonra isə “korrupsioner strukturların liderləri”, o cümlədən iş adamları Vladimir Plaxotnyuk və İlon Şor ölkəni tərk ediblər: “Plaxotnyuk və Şorun dövründə ələ keçirilmiş bir dövlət var idi. Bizdə həm ədliyyədə, həm də korrupsiyaya qarşı mübarizə təşkilatlarında böyük korrupsiya problemi var idi. Beləliklə, biz bu təmizləmə prosesinə başladıq və proses bu günə qədər davam edir”.

Yuri Dud Sandudan Moldovada senzuranın olub-olmadığını soruşub. Jurnalist rusiyayönlü moldovalı siyasətçi və iş adamı İlon Şorun kanallarını misal gətirərək xatırladıb ki, son iki ildə ölkədə onlarla media və televiziya kanalı məhkəmə qərarı olmadan bağlanıb: “Bu, senzura deyilsə, nədir?”

Prezident cavabında deyib: “Bu, senzura deyil. Bunlar Kütləvi İnformasiya Vasitəsi deyil, dezinformasiya vasitələridir”.

Sandunun vergi bəyannaməsinə istinad edən Yuri Dud ona xatırladıb ki, prezident kimi ayda təxminən 850 avro maaş alır və ikiotaqlı mənzildə yaşayır.

Sandu bunu təsdiqləyib və bildirib ki, o da digər Moldova vətəndaşları kimi bu pulla yaşaya bilər: “Əlbəttə, biz hamının maaşının artmasını istəyirik, bunun üçün çalışırıq. Biz daha güclü iqtisadiyyata sahib olmaq istəyirik. Amma biz hələ bunun üçün işləməliyik”.

Sandu prezident olmazdan əvvəl Dünya Bankında çalışıb və vergiləri çıxandan sonra ayda 10 min avro maaş alıb. Onun sözlərinə görə, bu vəzifədə çalışarkən topladığı vəsait Moldovada partiya yaratmağa kömək edib.

Dud ölkədəki vəziyyətdən və Sandunu seçməkdən məyus olan vətəndaşlara nə deyə biləcəyini soruşduqda, prezident cavab verib ki, o, Moldovaya vicdanlı insanların rəhbərlik edəcəyinə dair vədinə əməl edib: “Düzdür, oliqarxlar hələ də barmaqlıqlar arxasında deyillər. Amma onların bu ölkəni idarə etməmələri və bir neçə il əvvəl olduğu kimi pul oğurlamağa davam etməmələri yəqin ki, çox önəmlidir”.

C.Məmmədov

“AzPolitika.info”


Moldova Prezidentinin müsahibəsini təqdim edirik: