Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu günlərdə Qərbi yenidən müharibə ilə hədələyib. Lavrov Rusiyanın Qərblə savaşa hazır olduğunu bəyan edib. "Əgər Qərb Ukrayna ətrafındakı vəziyyətdə döyüş meydanında vuruşmaq istəyirsə, o zaman Moskva buna hazırdır. Bu, onların hüququdur, əgər onlar döyüş meydanında olmaq istəyirlərsə, döyüş meydanında da olacaqlar", - deyə o qeyd edib.
Lavrovun bu açıqlaması mümkün NATO-Rusiya qarşıdurmasını yenidən gündəmə gətirib. "AzPolitika" xəbər verir ki, Böyük Britaniyanın "DailyMail" nəşri bu aktual mövzu ilə bağlı maraqlı bir məqalə dərc edib. Rusiya və NATO ordularının hərbi gücünün qarşılaşdırıldığı məqalənin bir hissəsinin tərcüməsini təqdim edirik:
"Statistik rəqəmlərə görə, NATO ordusu dünyanın ən güclü döyüş qüvvəsidir. Alyansın 32 ölkəsinin ümumi hərbi büdcəsi 1 trilyon dollar, aktiv hərbçisi 3 milyon, ehtiyatda olan hərbçisi isə 3 milyona yaxındır. Hərbi qüvvə ilə yanaşı, NATO ölkələrinin arsenallarında 14000-dən çox tank və on minlərlə döyüş maşını, 21000 hərbi təyyarə və 2000-ə yaxın gəmisi var. NATO-ya nüvə silahına malik üç ölkə - ABŞ, Böyük Britaniya və Fransa üzvdür. Ukraynanın işğalından əvvəl Rusiyanın cəmi 350 min aktiv, təxminən 1 milyon ehtiyatda olan hərbçisi var idi. Hazırda NATO zirehli döyüş maşınlarının və nüvə silahlarının sayından başqa, demək olar ki, bütün komponentlərdə Rusiyanı qabaqlayır.
Lakin buna baxmayaraq, NATO qüvvələri həqiqi döyüş şəraitində sınaqdan keçməyib. Rusiya isə son iki ildə yüz minlərlə əsgərini müharibədə cəlb etməklə yanaşı, həm də ehtiyatdakı hərbi bölmələrini qısa müddətdə hazırlamaq və cəbhə bölgələrinə çatdırmaqla bağlı effektiv sınaq müddətindən keçib.

Hərbi ekspert Cek Uotlinq qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı əməliyyatlarda fəal iştirak edən qoşunlarının sayı 510 minə çatıb.
“Bu o deməkdir ki, Rusiya Ukrayna Silahlı Qüvvələri üzərində əhəmiyyətli say üstünlüyü əldə edib. Qərbin əhəmiyyətli dəstəyi, hərbi yardıma davamlı investisiyalar, təlim və kəşfiyyat məlumatlarının mübadiləsi olmadan Ukrayna ilə bağlı perspektivlər müsbət görünmür. Ukrayna 2022-ci ilin fevralında Rusiyanın işğalından dərhal sonra hərbi xidmətə çağırışla bağlı səfərbərlik elan etdi. Lakin Rusiyada könüllülərin sayı artdığı üçün bu tip səfərbərliyə ehtiyac qalmayıb. Rusiyada hər il bir milyondan çox insan hərbi yaş həddinə çatır və 18-30 yaşlı bütün kişilər bir il hərbi xidmət keçməlidir. Bu o deməkdir ki, Rusiya nə vaxtsa döyüş meydanında NATO ilə vuruşsa, ehtiyatda çoxlu sayda hərbi təlim keçmiş döyüşçüləri olacaq",-deyə ekspert bildirib.
Ukraynada döyüşmək üçün gələcək NATO qüvvələrinin yerləşdirilməsinin necə olacağını isə heç kim dəqiq bilmir. NATO Rusiyaya yaxın səkkiz ölkədə - Rumıniya, Slovakiya, Bolqarıstan, Macarıstan, Estoniya, Latviya, Litva və Polşada çoxmillətli döyüş qrupları saxlayır. Lakin bu qüvvələr Alyansın əsasını təşkil edən qüvvələrdir. Onlar cəbhə xəttinə yerləşdirilməyə hazır fəal qüvvə kimi deyil, Ukraynadan kənarda Rusiyanın işğalı potensialından qorunmaq üçün ilk müdafiə xətti kimi nəzərdə tutulublar. NATO-nun ümumi qoşunlarının sayı Rusiyadan qat-qat artıq olsa da, Moskva tərəfindən birbaşa hücum olmadığı təqdirdə Alyansın bütün üzvləri döyüşə atılmayacaq.
Əsas məqamlardan biri də odur ki, Ukraynanın canlı qüvvəsi tükənmək üzrədir. Necə ki, biz 1944-cü ildə Avropada aşpazlara silah verib “Sən indi piyadasan” deyirdiksə, indi Ukrayna bunu etməli olduğu nöqtəyə çatıb.
"AzPolitika.info"


Şərhlər