Menu

ABŞ yenə Ukraynaya icazə vermir – Ukrayna Rusiya ərazisni vura bilmədiyi üçün Xarkov təhlükədədir

17.05.2024, 11:17
ABŞ yenə Ukraynaya icazə vermir – Ukrayna Rusiya ərazisni vura bilmədiyi üçün Xarkov təhlükədədir

Məlum olduğu kimi, son günlər Xarkov istiqamətində başlanan Rusiya qoşunlarının hücum əməliyyatları həm də onunla əlaqələndirilir ki, Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisini vurmağa icazə verilmir. Belədə Rusiya qoşunları heç bir təhlükə görmədən sərhədə toplaşaraq, yaxın məsafədə olan Xarkova hücum edə, raket və aviasiya zərbələri endirə bilir. Lakin buna baxmayaraq, ABŞ hələ ki, öz silahlarından Rusiya ərazisində istifadə ilə bağlı Ukrayna qarşısında qoyduğu qadağanı götürmək istəmir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon Ukraynanın ABŞ-nin hərbi yardım çərçivəsində verdiyi silahlardan istifadə etməsi ilə bağlı mövqeyini dəyişmədiyini bəyan edib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinqxə brifinq zamanı sual verilib ki, ABŞ öz yanaşmasını dəyişibmi, yəni Ukrayna yenə yalnız öz ərazisi daxilində Amerika silahlarından istifadə edə bilərmi? O, cavab verib ki, ABŞ-nin mövqeyi dəyişməz qalıb: “Bəli, biz öz mövqeyimizi dəyişməmişik, biz inanırıq ki, Ukraynaya verdiyimiz texnika, digər ölkələrin Ukraynaya verdiyi imkanlar Ukraynanın suveren ərazisini qaytarmaq üçün istifadə edilməlidir”.

O, əlavə edib ki, ABŞ bu məsələ ilə bağlı tələblərini “kifayət qədər açıq şəkildə” ifadə edib. Sinqx qeyd edib ki, Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın Müdafiə naziri Rustem Umerovla söhbətində verilən silahlardan ən yaxşı şəkildə necə istifadə olunacağını müzakirə edib: "Və biz inanırıq ki, bu, Ukrayna ərazisində olmalıdır".

Bu arada ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) Xarkovun mütəmadi aviasiya, raket zərbələrinə və digər hücumlara məruz qalmasının böyük ölçüdə ABŞ-nin sözügedən qadağası nəticəsində mümkün olduğunu bəyan edib.

Yada salaq ki, ötən gün Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken eyni suala birmənalı cavab verməkdən yayınıb. Bundan öncə isə Böyük Britaniyanın XİN başçısı Devid Kemeron öz ölkəsinin verdiyi silahlardan Ukraynanın Rusiya ərazisini vurmasında heç bir məhdudiyyət olmadığını bəyan etmişdi.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol