Menu

“ROBO, BURA GƏL...” – Robert Fitsonu güllələyən yazıçı ilə bağlı maraqlı detallar

17.05.2024, 20:00
“ROBO, BURA GƏL...” – Robert Fitsonu güllələyən yazıçı ilə bağlı maraqlı detallar

Mayın 15-də Slovakiya hökuməti ölkənin mərkəzi hissəsindəki kiçik Qandlova şəhərində səyyar sessiyasını keçirib. Tədbirdən sonra Baş nazir Robert Fitso vətəndaşlarla ünsiyyət qurmaq üçün şəhər Mədəniyyət evinin qarşısındakı meydana çıxıb. Bu zaman vətəndaşlardan biri siyasətçini çağıraraq, qışqırıb: “Robo, bura gəl”. Bu, həmin ana qədər Slovakiyada demək olar heç kimin tanımadığı 71 yaşlı yazıçı Yuray Sintula idi...

Bundan sonra baş verənləri hamı görüb. Sintula Fitsoya 5 dəfə tapançadan atəş açıb. Baş nazir sinəsindən, mədəsindən, qolundan yaralanıb və təcili xəstəxanaya aparılıb, hücum edən şəxs isə saxlanılıb. Sosial şəbəkələrdə yayılan videoda sui-qəsddən dərhal sonra saxlanılan Sintula qısa danışıb: “Mən hökumətin siyasəti ilə razı deyiləm. Media ləğv edilib, RTVS-yə (Slovakiya dövlət teleradio şirkəti) hücumlar edilib və jurnalistlərə öz funksiyalarını yerinə yetirməyə icazə verilmir”.

Sintula 1953-cü il martın 1-də həyatının çox hissəsini yaşadığı Levitsa şəhərində anadan olub. 1980-ci ildə o, bir müddətlik SSRİ-yə köçüb və Vilnüsdə yaşayıb. Onun hətta məşhur sovet estrada müğənnisi Raisa Vasilyeva ilə eyni mənzildə yaşadığı bildirilir.

2005-ci ildə Sintula doğma şəhərində “Göy qurşağı” adlı ədəbi klubun həmtəsisçisi olub və 2008-ci ildən başlayaraq səkkiz il ərzində ona rəhbərlik edib. Yeri gəlmişkən, klubdakı yazıçılar sui-qəsddən sonra Sintulanın hərəkətini qəti şəkildə pisləyiblər və onu dərhal təşkilata üzvlükdən məhrum ediblər. Onların bəyanatında deyilir: “Yuraj Sintulanın siyasi səhnədəki hadisələrin yaratdığı məyusluğun öhdəsindən gələ bilməməsi böyük faciədir, lakin bunun onun klubumuzdakı fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Sintulanın yazdığı kitablar arasında üç şeir toplusu, “Posolstvo obete” romanı və qaraçılar haqqında “Efata” kitabı var. Sonuncuda o, qaraçıların “parazit mahiyyəti” və qaraçı vətəndaşlara qarşı səmərəsiz dövlət siyasəti haqqında yazıb. O, İfrat sağçı, Slovakiya Xalq Partiyasının lideri Marian Kotlebeni dəstəklədiyini bildirib. Hansı ki, Kotlebe qaraçılar üçün sosial ödənişlərin dayandırılmasını tələb edən və 2010-cu ildə Bratislavada qaraçı ailəsini güllələyən Lubomir Qarmana haqq qazandıran siyasətçi kimi tanınıb.

Zəngin və uğurlu olmayan ədəbi fəaliyyəti Sintulaya kifayət qədər pul gətirmədiyi üçün o, 2016-cı ildən özəl mühafizə firmasında işləyib və orada odlu silah gəzdirmək üçün icazə alıb. Mühafizəçi işləyərkən yazıçının bir vətəndaş tərəfindən vəhşicəsinə döyüldüyü məlum olub. Ticarət mərkəzlərinin birində mühafizəçi olan Sintula sərxoş alıcının qarşısını almağa çalışıb. O isə bu ahıl yaşlarına çatmış kişini yerə yıxaraq təpikləməyə başlayıb. Nəticədə Sintula ağır xəsarətlər alıb və onun müalicəsi, sağalması uzun müddət çəkib.

Bundan sonra yazıçı yaşadığı şəhərdə Zorakılığa Qarşı Hərəkat yaradıb və bəyan edib ki, “hər hansı normal insan zorakılığı rədd edir, bizim məqsədimiz insanları birləşdirmək, sülhü qorumaq və demokratiyanı bərpa etməkdir”. Sintula sonradan hətta təşkilatını cəmiyyətdə zorakılığın yayılmasının və Avropada müharibənin qarşısını ala biləcək siyasi partiyaya çevirmək istədiyini bildirib. Ancaq onun sosial media fəaliyyəti 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qısa müddət sonra dayanıb.

Yeri gəlmişkən, Robert Fitsonu öldürmək cəhdindən sonra jurnalistlər Sintulanın tərcümeyi-halında daha bir maraqlı detal aşkar ediblər. Macarıstanlı jurnalist Szabolcs Panyi Sintulanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən rusiyayönlü hərbiləşdirilmiş “Slovak Recruits” qrupu ilə əlaqəsinin sübutunu tapıb. 2016-cı ildə Sintula həmin təşkilatın tədbirlərində çıxış edib.

Bəli, yazıçı, siyasi aktivist, zorakılığa qarşı mübarizə aparan və nəhayət, mağaza mühafizəçisi olan Sintula öz əməli ilə bütün dünyanı “baş sındırmağa” vadar edib ki, bu sui-qəsdin arxasında kimlər durur və məqsəd nədir? Yaxud bəlkə bu, doğrudan da onun öz təşəbbüsüdür və heç kimin sifarişini yerini yetirmir? Hər necə olsa, bir çox siyasi sui-qəsdlər kimi, bunun da üzərindəki pərdənin tam açılmayacağını güman etmək olar. Hələlik isə Slovakiyada hamını istintaqın, yaxud Sintulanın yox, “həyatla ölüm arasında olan” Fitsonun taleyi maraqlandırır...

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol