Etibar Əliyev, millət vəkili

Nəhəng intellektual, Amerika linqivisti, filosofu və publisisti Noam Xomskinin “Xaos imperiyası” başlıqlı müsahibəsini oxudum. N. Xomski deyir: “Dünyada ictimai rəyi öyrənən aparıcı Amerika Agentliyi olan "Gallup"-a görə Amerika Birləşmiş Ştatları bütün dünya üçün artıq təhlükəyə çevrilib. Əgər əlində təkcə çəkic varsa, ətrafında olan hər şeyi mismara bənzədirsən. Buşun hərbi təcavüz adlanan - "şok və titrənti"yə söykənməsi bizi fəlakətə və ağır məğlubiyyətə düçar etdi. Obama müxtəlif taktikalara söykəndi, məsələn qlobal məhvetmə kampaniyasını misal çəkmək olar. Beynəlxalq terrorizm və xüsusi əməliyyatlar yeni səviyyəyə gəlib çıxdı. Bunlar bütün dünyanı başına götürdü."

Tanınmış fikir adamı olduqca maraqlı bir məqama da toxunur. “ABŞ-ın elit gücü dünyanın 147 ölkəsində yerləşdirilib.“

Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq mətbuata verdiyi bəyanatına diqqət edək: “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır.Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır.” 

Platon yazırdı: "Dünya dəyişir, ancaq yaxşılığa doğru yox."

Müharibələr, terrorizm, nüvə silahı ilə təhdidlər və s. böyük filosofun fikrini təsdiqlədi.

Azərbaycanın dövlət suverenliyinin mərdi-mərdanə bərpası göstərdi ki, güclü liderin söylədiyi bütün fikirlər öz tətbiqini tapır. Dövlətimizin başçısının narahatlığı dünya ilə bağlıdır. Ədalətli sülh çoxdan təhlükə altına alınıb.

Fransa daxili işlər naziri öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini unudub. Xalqımıza qarşı böhtan atmağı qarayaxma kampaniyası aparmağı özlərinə peşə seçiblər. Bunlar artıq keçməz...

Uintson Çörçill 1946-cı ildə məşhur Fulton çıxışında siyasi leksikona «dəmir pərdə» anlayışını gətirdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində siyasi leksikona "dəmir yumruq" anlayışını gətirdi. 

Müzəffər Ali Baş Komandanımızın daha bir məşhur fikrini xatırladım: “Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir”.

Dəyərli Rəcəb Tayyib Ərdoğan kənd təsərrüfatı ekosistemləri ilə bağlı tədbirdə çıxışı zamanı deyib: ”Bizə ədalət dərsi keçmək istəyən Qərb ölkələrinin Afrikada nələr etdiklərini çox yaxşı bilirik.

O bildirib ki, bəzi güclər bir damla nefti bir damla qandan üstün tuturlar: "Bəzi güclər təbii sərvətləri mənimsəmək üçün hər şey etdilər, Avropadan Afrikaya hücum etdilər. Onlar Afrikanı taladılar, sərvətləri Avropaya daşıdılar, çevriliş etdilər. Həmin ölkələri özlərindən asılı vəziyyətə saldılar”.

Türkiyə Prezidenti Ərdoğan söyləyib ki, bütün bunlar yeraltı və yerüstü sərvətləri mənimsəmək üçün aparılır.

Azərbaycanla qardaş Türkiyə şərə qarşı mübarizədə qalibdirlər, çünki iki liderin intellekti, cəsarəti, sülhsevərliyi, comərdliyi bütün dövlət başçıları üçün nümunədir.