Menu

“Erməni kilsəsinin cinayətkar oliqarx imici var” – “Ermənilər sülh istəyir”

18.05.2024, 11:53
“Erməni kilsəsinin cinayətkar oliqarx imici var” – “Ermənilər sülh istəyir”

“Mayın 9-da yepiskop Baqrat Qastanyanın təşkil etdiyi mitinqə 20 mindən çox insan qatılmişdı. Bu, Nikol Paşinyana qarşı təşkil olunmuş ən izdihamlı mitinqlərdən biridir”.

“AzPolitika” xəbər verir ki, bunu İrəvandan jurnalist Yuri Manvelyan “Azadlıq” radisounun erməni xidmətinə müsahibəsində bildirib. Bununla belə Manvelyan inanır ki, meydanlara çıxanları müxtəlif vasitələrlə ələ alıblar.

Manvelyan deyir ki, indi Ermənistanda nə keşiş Galstanyan populyardır, nə kilsə, nə də onlarla eyni cəbhədə olan müxalifət. Onlar Paşinyanı devirəcək gücdə deyillər: “Kilsənin heç vaxt humanist bir qurum imici olmayıb. Onların adı müxtəlif vaxtlarda müxtəlif qalmaqallarda, korrupsiyada hallanıb. Onlar demokratiya və s. də tələb etməyiblər. Məsələn, vaxtilə Robert Koçaryanı etirazçıların ölümünə görə, digər qanunsuz əməllərə görə tənqid etməyiblər. Onların cinayətkar oliqarx imici var. Bəzi din xadimləri lap varlıdır. Bir sözlə, hamı bilir onlar necə dolanır, necə yaşayır”.

Manvelyan deyir ki, bu, Paşinyanın əleyhinə olan qüvvələrin mitinqlərinin davamıdır. Nə vaxt ki, böyük hadisə baş verir, mitinqə çıxırlar. İndi də sadəcə olaraq öz aralarından başqa bir qüvvəni- kilsəni seçib, qabağa veriblər.

Ermənistanın Tavuş vilayətinin arxiyepiskopu 53 yaşlı Baqrat Galstanyan 10 ilə yaxındır ki, bu vəzifədədir. Əslən Gümrüdəndir. Müxtəlif dini vəzifələrdə, o cümlədən Kanada ermənilərinin arxiyepiskopu kimi fəaliyyət göstərib. Kanadada teologiya üzrə elmlər doktorluğu müdafiə edib. Qalstanyan həm də Kanada vətəndaşıdır. Bu amil onun baş nazir olmaq perspektivini mümkünsüz edir.

Qalstanyanın etiraz aksiyaları sərhəddəki Tavuş vilayətindən başladı. Keşiş və tərəfdarları “Vətən Uğrunda Tavuş” hərəkatı elan ediblər və sərhədlərin qismən demarkasiyasının dayandırılmasını və baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazlar aprelin 19-dakı sərhəd razılaşmasından sonra başlayıb. Bəzi sakinlər deyirlər ki, yeni sərhəd çəkiləndə onların təhlükəsizliyi daha da həssas vəziyyətə gəlir.

Yuri Manvelyan etirazçıların sərhəd kəndlərinin və ya erməni xalqının mövqeyini əks etdirməsinə inanmadığını deyir. Çünki çoxluq sülh istəyir, nəinki münasibətlərin pisləşməsini. Manvelyan inanır ki, keşiş keçmiş prezidentlərə - Robert Koçaryana, Serj Sarkisyana bağlıdır. Onlar da öz növbəsində Paşinyandan fərqli olaraq Kremlə yaxın qüvvələrdir.

Kilsə Ermənistanın dövlət siyasətinə təsir edəcək qədər nüfuzlu ola bilərmi?

İrəvanda Regional Araşdırmalar İnstitunun direktoru Riçard Giraqosian deyir ki, indi durum fərqlidir: “Erməni kilsəsinin bir beynəlxalq şəbəkəsi var. Onlar dünyada erməni diasporu ilə işləyir. Qarabağ hərəkatı və müharibəsi vaxtı kilsə fəal idi. Amma indi baş verən başqadır. Bu, Ermənistanın daxili məsələsidir. İlk dəfədir ki, kilsə demokratik yolla seçilmiş hökumətə qarşı çıxır, müxalifəti dəstəkləyir. İlk dəfədir ki, belə şey baş verir”.

Riçard Giraqosian deyir ki, bir neçə səbəbdən bu aksiyaların davamlı olacağını düşünmür: “Çünki nə müxalifət, nə kilsə populyar deyil, onlar ermənistanlılar üçün keçmişdir. Üstəlik, iştirakçılar Paşinayana alternativ namizəd və siyasət irəli sürə bilməyiblər”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-05-18 12:59:52

Elə bil Amerikanın terrorçu KKK deyilən Ku-Kluks-Klan təşkilatının üzvləridi mən ölüm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol