“İrəvan Bakı ilə sülh müqaviləsində Almatı Bəyannaməsinin təsbit edilməsi məsələsini müzakirə edir. Amma hələ ki, razılıq yoxdur, müzakirələr davam edir”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yerli mətbuata açıqlamasında bildirib.
“Hazırda bizim Azərbaycandan bir neçə bəyanatımız var, o cümlədən ən yüksək - prezident səviyyəsində Alma-Ata Bəyannaməsi qeyd olunub. Eyni zamanda saziş layihəsində nədən danışdığımızın təsviri var, bu söhbətlər davam edir və deməliyəm ki, indiki mərhələdə müzakirə olunan mövzulardan biridir. Lakin biz hələ də razılığa gəlməmişik və müzakirələr davam edir”, - deyə Simonyan qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstanda keçirilən görüşdən sonra sülh sazişinə Almatı Bəyannaməsinin daxil edilməsi ilə bağlı razılığın əldə olunmasının mümkün olub-olmadığına dair konkret cavab verməyib. “Azərbaycan tərəfi ilə son danışıqlarımız konstruktiv şəraitdə keçdi”, - Mirzoyan bildirib.
Almatıda iki günlük danışıqlardan sonra Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bütün məsələlər üzrə hələlik razılığa gəlmədiklərini açıqlayıblar. Bundan əvvəl Ararat Mirzoyan iki əsas məsələdə tərəflərin fikirlərinin hələ də bir-birindən uzaq olduğunu açıq şəkildə bildirib: ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və nəqliyyat infrastrukturlarının açılması.
“AzPolitika.info”


Şərhlər