Malayziyanın Baş naziri Ənvər İbrahim ABŞ-ni Qəzzada İsrail-HƏMAS müharibəsi nəticəsində yaranan humanitar böhranı həll etmək üçün bütün güc, təsir və resurslardan istifadə etməməkdə günahlandırıb.
“AzPolitika” xəbər verir ki, o bunu Tokioda “Nikkei”nin təşkil etdiyi illik “Asiyanın gələcəyi” konfransında çıxışında deyib.
Sual-cavab sessiyasında o, Qəzzadakı vəziyyəti görünməmiş miqyasda humanitar böhran kimi qiymətləndirib: “Soyqırımı, aparteidi və ya etnik təmizləməni necə qəbul edə bilərsiniz və bütün dünya bunu görəndə bunu necə inkar edə bilərsiniz?"
Baş nazir beynəlxalq ictimaiyyəti İsrail və Fələstinin HƏMAS qruplaşması arasında humanitar atəşkəs əldə etməyə çağırıb.
Əksəriyyəti müsəlman olan Malayziya onilliklərdir ki, ardıcıl olaraq Fələstin davasına dəstəyini ifadə edir. Lakin Ənvər İbrahim, kollec şəhərciklərində amerikalı tələbələrin İsrailin hərəkətlərinə qarşı etirazlarına işarə edərək, münaqişəyə başqa yerlərdə, o cümlədən ABŞ-də baxışda sistemli dəyişiklik gördüyünü söyləyib. Onun sözlərinə görə, nümayişlər ona Vyetnam müharibəsi zamanı baş verənləri xatırladır.
Baş nazir dünyanı bölən başqa bir münaqişəyə - qlobal liderlik uğrunda ABŞ - Çin rəqabətinə də toxunub. “Malayziya və digər Asiya ölkələri bitərəf qalmalı və hər iki güclə münasibətlərini balanslaşdırmalıdırlar” “Vəziyyət dəyişib”, deyən Ənvər İbrahim əlavə edib ki, daha çox ölkə Soyuq Müharibə qruplaşmasının bir hissəsi olmaqdan başqa, daha müstəqil baxışlarını həyata keçirir.
Xatırladaq ki, “Future of Asia” - Asiya-Sakit Okean regionundan olan siyasi, iqtisadi və akademik liderlərin regional məsələlər və Asiyanın dünyada rolu haqqında öz fikirlərini açıq və sərbəst şəkildə təqdim etdikləri beynəlxalq toplantıdır. “Nikkei” tərəfindən 1995-ci ildən bəri hər il keçirilən bu konfrans Asiyanın ən mühüm qlobal konfranslarından biri hesab olunur.
SƏMLA
AzPolitika.info


Şərhlər