"Amerikalılar ruslara deyiblər ki, əgər siz nüvə bombasını partlatsanız, bu, heç kimi öldürməsə belə, biz sizin Ukraynadakı bütün mövqelərinizi adi silahlarla vuracağıq, hamısını məhv edəcəyik. Məncə, bu, Rusiya üçün inandırıcı təhlükədir”.
“AzPolitika” xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski “The Guardian” nəşrinə müsahibəsində deyib.
Sikorski qeyd edib ki, Rusiyanı nüvə zərbəsindən çəkindirən təkcə ABŞ deyil, həm də Hindistan və Çindir: “Həmçinin, çinlilər və hindlilər Rusiyaya “xaos aktı”nı anladıblar və bu, uşaq oyunu deyil. Çünki bu tabu (nüvə silahından istifadə qadağası-red.) da sərhədləri zorla dəyişdirmək tabusu kimi pozulsa, Çin bilir ki, Yaponiya və Cənubi Koreya da nüvə ölkəsi olacaq. O isə bunu istəmir”.
Bütün bunlardan çıxış edən XİN başçısı Rusiyanın nüvə silahından istifadə edəcəyinə böyük şübhə ilə yanaşıb. Onun fikrincə, Avropa “eskalasiya oyunun”da daha yaxşı oynamalı, Putinin niyyətlərini anlamalıdır. Ən əsası isə Kremlin nüvə təhdidlərinə boyun əyməməlidir: “Ruslar Ukraynanın elektrik şəbəkəsinə, taxıl terminallarına, qaz anbarlarına və mülki infrastrukturuna hücum edir. Rusiya əməliyyatları Rostovdakı qərargahından həyata keçirir. Rusiya nüvə silahından istifadə etməsə də özünü digər yandan heç bir şəkildə məhdudlaşdırmır. Bizim isə daim öz “qırmızı xəttimiz”in nə olduğunu bəyan etməyimiz Moskvanın öz düşmənçilik hərəkətlərini bizim daim dəyişən və özümüz tərəfindən qoyulan məhdudiyyətlərə uyğunlaşdırmasına imkan yaradır”.
Xatırladaq ki, Moskva dəfələrlə Ukraynaya, eləcə də NATO ölkələrinə qarşı nüvə təhdidləri edib. Mayın 21-də məlum olub ki, Rusiya qoşunları qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təlimlərin birinci mərhələsinə başlayıb.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər