Mayın 26-da Ukraynaya məxsus pilotsuz uçan aparat Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Voronej M” radiolokasiya stansiyasına hücum edib.
Bu barədə “Ukrayinska Pravda” və “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbəyə istinadən məlumat yayıblar.
“Ukraynaya məxsus PUA düşmən hədəfinə qədər olan 1800 kilometrdən çox məsafəni qət edərək, yeni rekorda imza atıb”, - mənbə bildirib. O, əlavə edib ki, radara dəyən ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
Bir gün əvvəl yerli nəşrlər Qazaxıstanla sərhəddə yerləşən Orsk yaxınlığına pilotsuz təyyarənin düşməsi barədə məlumat yayıblar. Qeyd olunur ki, hücum zamanı xəsarət alanlar və ölənlər, o cümlədən infrastrukturun dağılması olmayıb.
Bazar ertəsi RİA Novosti Orsk yaxınlığında pilotsuz təyyarənin düşdüyünü təsdiqləyib. Orenburq vilayəti hökuməti bəyan edib ki, hər hansı mülki obyektə ziyan dəyməyib, sakinlər üçün təhlükə yoxdur.
Rusiyanın “Hərbi Xəbərçi” və “Rybar” teleqram kanalları iddia edir ki, Ukraynaya məxsus PUA Orsk yaxınlığındakı Qorkovskoye kəndindəki “Voronej-M” radiolokasiya stansiyasına (radar) hücum etməyə cəhd edib.
Orskdan Ukraynanın qərb sərhədlərinə düz xəttə üzrə 1.5 min kilometrdir.
Mayın 9-da Ukraynaya məxsus pilotsuz uçan aparat Başqırdıstanın Salavat şəhərində neft emalı zavoduna hücum edib. Zərbə vurmazdan əvvəl pilotsuz təyyarə təxminən 1.5 min kilometr uçub. Beləliklə, Salavat Ukrayna pilotsuz təyyarələrnin hücumuna məruz qalan Rusiyanın ən uzaq şəhəri olub.
Rusiya Müdafiə Nazirliyi zərbə ilə bağlı xəbərləri şərh etməyib.
“AzPolitika.info”


Şərhlər