Ermənistanın müxtəlif bölgələrində Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirilən etiraz aksiyalarında 226 nəfər saxlanılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə erməni mediası Ermənistan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Media iddia edir ki, saxlanılanlar arasında Ermənistan Milli Assambleyasının deputatları, ölkədə tanınmış müğənnilər və bir həkim də var. Polis həmçinin “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı saxlamağa cəhd edib. Etirazçılar polisə bunu etməyə icazə verməyiblər.
Ermənistanda mayın 27-də səhər tezdən Qalstanyanın çağırışı ilə nümayişlər başlayıb. Dünənki mitinqdə müxalifət onun namizədliyini Ermənistanın Baş naziri postuna - Nikol Paşinyanın yerinə irəli sürüb. Qalstanyan siyasi deyil, milli azadlıq hərəkatında iştirak etdiyini qeyd edərək, 30 illik kilsə xidmətinin dondurulmasını xahiş edib.
Bu gün səhər Qalstanyan bir gün əvvəl söz verdiyi kimi İrəvanda qara rəngli “Jeep” avtomobili ilə yolu bağlayıb. Etirazçılar paytaxtın daha bir neçə küçələrini bağlayıblar. Bundan əlavə, nümayişçilər İrəvandan Armavir, Aştərək və Sevana gedən magistral yolları, Gümrüdən gələn yolu bağlayıblar.
“AzPolitika.info”


Şərhlər