Məlum olduğu kimi, son günlər, xüsusilə də Rusiyanın Xarkov istiqamətində başlatdığı hücum əməliyyatı fonunda Ukraynanın Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə verilməməsi mövzusu ciddi şəkildə aktuallaşıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu qadağaların aradan qaldırılması istiqamətində önəmli addım atılıb.

Belə ki, NATO Parlament Assambleyası Sofiyada keçirilən yaz sessiyasında Ukraynaya NATO silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə hücum etməyə icazə verən düzəlişi böyük səs çoxluğu ilə təsdiqləyib. Yekun bəyannamədə qeyd olunur ki, Ukraynanın Rusiya ərazisindəki “qanuni hədəflərə” (hərbi obyektlərə) hücum etməsinə icazə verilir. Doqquz ölkənin nümayəndəsi bu təşəbbüsü dəstəkləməsə də bəyannamə səs çoxluğu ilə qəbul olunub. Sənəddə həmçinin, Ukraynaya “qələbə qazanana qədər” yardım ediləcəyi göstərilib.

NATO Parlament Assambleyasının yaz sessiyasında NATO ölkələrindən və təşkilatın 25 tərəfdaş ölkəsindən 400-ə yaxın parlamentari iştirak edir. Proqram Ukraynaya dəstək, NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti, eləcə də müdafiə və təhlükəsizlik məsələlərini əhatə edib.

Xatırladaq ki, bundan öncə NATO-nun Baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynaya Rusiya ərazisinin vurulmasına dair qoyduqları qadağalara yenidən baxmağa çağırıb. O, qeyd edib ki, Ukrayna özünü müdafiə etmək hüququna malikdir və bu, Rusiyanın daxilində legitim hərbi obyektlərə zərbə endirmək hüququnu da əhatə edir.

“AzPolitika.info”