Menu

Məhkəmə hökmü Trampı Ağ Evə daşıya bilər – Eks-prezidentin populyarlığı artır

01.06.2024, 08:52
Məhkəmə hökmü Trampı Ağ Evə daşıya bilər – Eks-prezidentin populyarlığı artır

Cümə axşamı Nyu-Yorkda Andlılar məhkəməsi Donald Trampı biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilib. ABŞ tarixində ilk dəfə olaraq keçmiş prezident cinayət işi üzrə mühakimə olunur.

“Wall Street Journal” qəzeti redaksiya məqaləsində yazır ki, vəziyyət görünməmiş və sarsıntılarla doludur və işin unikallığı bununla bitmir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq ölkənin iki aparıcı siyasi partiyasından birinin prezidentliyə namizədi seçkiyə 5 ay qalmış cinayətkar kimi təsnif edilib.

"Hakim Donald Trampı dəmir barmaqlıqlar arxasına qoyacaqmı? Amerikalılar onu noyabrda seçəcək bununla da Nyu-York Məhkəməsinin bu qondarma işinə öz qəzəblərini ifadə edəcəklər? Respublikaçılar revanş almağa çalışacaqlarmı?"- qəzet sual edir.

Demokratlara yaxın olan “New York Times” isə vəziyyətə tamam başqa prizmadan baxır. Qəzet yazır: “Hökm Trampın 2016-cı il seçkilərinə təsir etmək üçün özü haqqında vacib məlumatları seçicilərdən gizlətməklə cinayət törətdiyini sübut edir. Münsiflər heyətinin qərarı Trampın ləyaqətsiz olmasının səbəbləri haqqında daha bir xatırlatmadır, bəlkə də ən kəskinidir”.

Tramp intim əlaqədə olduğu porno aktrisa Stormi Danielsə susmaq üçün verdiyi ödənişləri gizlətmək məqsədi ilə biznes qeydlərini saxtalaşdırmaqda günahlandırılıb. İttihama görə, Tramp şəxsi vəkili Maykl Kohenə qadına 130 min dollar ödəməyi tapşırıb və sonra onun göstərişi ilə bu pul məhkəmə xərcləri kimi ona qaytarılıb. Bu pulun köçürülməsi ilə bağlı 34 əməliyyatın hər biri üçün Trampı nəzəri olaraq 4 il həbs cəzası gözləyə bilər. Lakin bu cinayətlər üzrə məhdudiyyət müddəti çoxdan başa çatıb, ona görə də Nyu-York dairə prokuroru seçki qanunlarını pozaraq, yenilikçi bir yol tutmaq və bu hərəkətləri başqa bir Nyu York qanunu əsasında mühakimə etmək qərarına gəlib. Hüquq ekspertlərinin fikrincə, bu iş peşəkarlar üçün çoxlu suallar qoyur və potensial olaraq yuxarı instansiya məhkəmələrində hökmə etiraz etmək üçün əsas verir.

Corc Meyson Universitetinin hüquq professoru İlya Somin yerli mətbuata bildirib ki, Tramo öz əməlini biznes qeydlərini saxtalaşdırmaqla gizlədib. Onun sözlərinə görə, münsiflər heyətinin irəli sürülən ittihamlar üzrə “günahkar” hökmünü vermək üçün bütün əsasları var idi: “Eyni zamanda, iş Trampın Nyu-York ştatının seçki qanunlarını pozmaqla daha böyük cinayət törətməsi ilə bağlı hüquq alimləri arasında əhəmiyyətli müzakirələrə yol açır. Çünki hakim birbaşa olaraq münsiflər heyətindən Trampın Nyu-Yorkun seçki qanununu pozmaqda təqsirli olub-olmaması sualına cavab verməsini xahiş etməyib. Hakim hökmü iyulun 11-də elan edəcək. Ola bilər ki, Tramp həbs cəzasına məhkum edilsin, ən çox ehtimal olunan müddət 4 ildir, lakin hakim sınaq müddəti və ya cərimə cəzası da verə bilər. Hakimin hökm çıxarmaqda böyük səlahiyyətləri var. Lakin heç bir şübhə yoxdur ki, Trampın vəkilləri apellyasiya məhkəmələrində hökmə etiraz edəcək. Nyu-York apellyasiya məhkəmələri müdafiə tərəfinin əks arqumentlərini ölçüb-biçəcəklər”.

Tramp, onun tərəfdarları məhkəmənin qərarını sırf seçki kampaniyası kontekstində qəbul edilmiş əsasəz hökm kimi qəbul edirlər. Hökm elan edildikdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp cinayət işi üzrə məhkəmə prosesini “rüsvayçı, saxta” adlandırıb. O, məhkəməni təşkil etməkdə Co Bayden administrasiyasını günahlandırıb. "Bunu Bayden administrasiyası siyasi rəqibinə zərər yetirmək üçün edib. Əsl hökmü noyabrın 5-də seçicilər verəcək. Onlar burada nə baş verdiyini bilirlər", - Tramp məhkəmə binasını tərk edərkən jurnalistlərə deyib.

Prezident Bayden münsiflər heyətinin qərarını birbaşa şərh etməyib. "Trampı Oval Ofisdən kənarda saxlamağın yeganə yolu seçki qutusundadır", - deyə Bayden sosial mediada yazıb və kampaniya fonduna ianələr üçün səhifəyə keçid verib.

Hökm, nə olursa olsun, çətin ki, Donald Trampın seçki kampaniyası aparmaq qabiliyyətinə təsir göstərsin. Cinayət işi üzrə təqsirli bilinənlərin prezidentliyə namizədliyi, hətta seçilmələri qadağan edilmir. Nəzəri cəhətdən ABŞ prezidenti ölkəni həbsxanadan idarə edə bilər. Hakim Trampı həbs etmək qərarına gəlsə belə, bu, bir çox ekspertlərin hesab etdiyi kimi, çətin ki, baş tutsun. O, apellyasiya məhkəmələrinin qərarına qədər azadlıqda qalacaq. Eyni zamanda, Trampın məhkumluğu seçki prosesinə əlavə gözlənilməzlik gətirir.

Tramp təqib qurbanıdır, yoxsa cinayətkardır? Hansı obraz seçicilərdə daha çox rezonans doğuracaq?

Tennessi Universitetinin politoloqu Andrey Korobkov hesab edir ki, keçmiş prezidentin tərəfdarları və əleyhdarları yalnız öz fikirlərini təsdiqləyəcəklər: “Münsiflər heyətinin qərarından az əvvəl keçirilən rəy sorğuları Trampın dəstəyinin azalacağını göstərdi. Araşdırmaçıların fikrincə, Trampın məhkumluğu onun reytinqinə mənfi təsir göstərə bilər. Amma ən əsası seçkinin nəticəsinə ciddi təsir edəcək altı əyalətdəki əhval-ruhiyyədir. Oradakı əhval-ruhiyyə təzə sorğuların nəticələri ortaya çıxandan bir neçə gün sonra müzakirə edilə bilər. Ümumiyyətlə, Trampın indiyə qədərki olayları məlum həqiqəti təsdiqləyib: istənilən növ, hətta mənfi olaylar belə şöhrəti, populyarlığı artırır. Trampla bağlı söhbətlər və mətbuatın ona verdiyi diqqət digər namizədləri kölgədə qoyur, ona qarşı hər yeni ittiham onun reytinqini yüksəldir. Və burada demokratlar üçün başqa bir təhlükə var. Onların elektoratının mühüm hissəsi olan afroamerikalılar təqib olunan namizədlərə rəğbətlə yanaşırlar. Məsələn, Vaşinqtonun korrupsiyaya görə həbs edilən keçmiş merləri həbsxanadan çıxandan sonra asanlıqla seçkilərdə qalib gəldilər”.

Tramp, həmçinin 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişdirməyə cəhd və məxfi sənədlərlə qeyri-qanuni rəftarla bağlı üç cinayət ittihamı ilə üzləşib. Bu işlər qeyri-müəyyən müddətə təxirə salınıb. İttihamların ağırlığı baxımından Nyu-York işi ekspertlər tərəfindən ən zəif hesab edilib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Rasim bey sagolun 2024-06-01 09:01:54

Yaxşi meqaledi..orda bir qeyd var: afroamerikalilar mehkumlara daha çox reĝbet besleyir..belke mehkumluq ona gelebe qazandirdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol