2023-cü il üzrə Açıq Büdcə İndeksi açıqlanıb. Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən dərc edilən “Açıq Büdcə İndeksi – 2023” hesabatda Azərbaycanın mövqeyi 2021-ci ilin reytinq göstəricisi (57 bal) ilə müqayisədə 10 bal daha yuxarı olub və ölkəmiz müvafiq hesabatda 100 mümkün baldan 67 bal toplamaqla müstəqillik tarixi ərzində bu göstərici üzrə ən yüksək nəticə ilə qiymətləndirilib.
Bununla da Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irəliləyən ölkələrdən biri olub. Məlumat üçün qeyd edək ki, 61 bal və ya daha yuxarı bal toplayan ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupuna aid edilir.
Beləliklə, Azərbaycan “Açıq Büdcə İndeksi-2023” hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və yetərli məlumat dərc edən ölkələr qrupuna daxil olmuşdur.

Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən ekspert sorğusu əsasında iki ildən bir tərtib olunan büdcə reytinqi üç əsas maliyyə qiymətləndirməsinə - Büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı, Büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi və Qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyətinə əsaslanır.
“Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanda büdcə ilə bağlı qiymətləndirmə 8 əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının veb-səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Qeyd olunan 8 əsas büdcə sənədi ilkin büdcə bəyanatı, büdcə layihəsi, təsdiq edilmiş büdcə, Vətəndaşın Büdcə Bələdçisi, dövlət büdcəsinin icrasına dair aylıq, yarımillik və illik hesabatlar, dövlət büdcəsinin icrasına dair audit hesabatı olmaqla hər birinin ictimaiyyətə açıqlığı xüsusi olaraq nəzərə alınır. Bununla yanaşı, həmin sənədlərin həm keyfiyyət, həm də məlumatlılıq səviyyəsi dərindən tədqiq edilir.

Bütün bu parametrlər əsasında sorğu qiymətləndirməsi 109 indikatoru üzrə ölçülür. Həmin 109 indikatoru maliyyə orqanlarıtərəfindən hazırlanan bücdə sənədlərini əhatə edir. Eyni zamanda, sorğu üzrə sualların 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə qanunvericiliyin və ali audit orqanının bu məsələdə rolunu qiymətləndirir. Son 2 ildə ölkəmizdə büdcə şəffaflığının və hesabatlılığının artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2-ci hissəsində dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, fiskal dayanıqlığın, maliyyə və borc intizamının gücləndirilməsi, habelə büdcə xərclərinin səmərəliliyinin, ünvanlılığının və effektivliyinin artırılması məqsədilə ortamüddətli xərclər çərçivəsinin tətbiqi və bütün bu proseslərlə bağlı məlumatların ictimaiyyətə təqdim olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Həmin sənəddən irəli gələrək icracı dövlət qurumu olan Maliyyə Nazirliyi tərəfindən bu istiqamətdə xeyli işlər görülüb. Bütün bunlar Beynəlxalq Büdcə Tərəfdaşlığının qiymətləndirilməsində əsas amillər kimi xüsusi olaraq nəzərə alınıb.
Onu da qeyd etmək lazımdır ki, Açıq Büdcə Sorğusu bir qayda olaraq akademik sfera, qeyri-hökumət təşkilatları və ya müstəqil iqtisadçı-ekspertlər qrupu tərəfindən ilkin qiymətləndirmə aparıldıqdan və Beynəlxalq Büdcə Tərəfdaşlığının komandasına təqdim edildikdən sonra büdcənin tərtibinə məsul olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğunun ilkin versiyasına baxır və sorğu ilə bağlı müvafiq rəylərini təşkilata ünvanlayır. Azərbaycan üzrə sorğunun ilkin qiymətləndirmələrinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyləri 2023-cü ilin avqust ayında qarşı tərəfə bildirilmiş və müvafiq olaraq təşkilat tərəfindən nəzərə alınmışdır.
Qeyd edək ki, son illərdə Azərbaycanda büdcə şəffaflığının və hesabatlılığının artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, xərc və gəlir siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə proqnozlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin növbəti il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapır.
Bundan əlavə, son illər növbəti ilin büdcəsi təsdiq edilməmişdən qabaq Maliyyə Nazirliyi büdcə layihəsini, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları rəsmi saytında yerləşdirərək ictimaiyyətə açıq edir.
Həmçinin vətəndaşların büdcə prosesi barədə daha rahat şəkildə məlumat əldə etməsi üçün “Vətəndaşın Büdcə Bələdçisi” hər il büdcə təsdiq edildikdən sonra nazirliyin rəsmi saytında yerləşdirilir. Büdcə layihəsinin və təsdiq olunmuş büdcənin təqdimatı ilə yanaşı, büdcənin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar da açıq büdcə sorğusu və digər beynəlxalq səviyyədə qəbul olunmuş fiskal diaqnostika metodologiyalarına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq dərc olunur.
Azərbaycanın əldə etdiyi ən yüksək nəticələr və büdcə şəffaflığı, büdcə açıqlığı ilə davam etdirilən islahatlar gələcək reytinq hesabatında ölkəmizin göstəricilərinin daha da yüksəlməsinə dərin zəmin yaradır. Hətta Azərbaycanın bir çox inkişaf etmiş Avropa ölkələrinin büdcə aşıqlığı üzrə göstəriclər səviyyəsinə çata biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Beynəlxalq Büdcə Əməkdaşlığı (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hazırlanan 2023-ci ili əhatə edən Hesabatda büdcəyə nəzarət üzrə ali audit orqanlarının (AAO) subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, "adekvat" nəticə kimi çox yüksək qiymətləndirilib. ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 4-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb.
Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi 125 ölkə arasında bal baxımından ən böyük göstəricidir.
Elman İsmayıllı
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanmışdır.


Şərhlər