Xarkov vilayət prokurorluğu ukraynalı hərbi əsirlərin rus əsgərləri tərəfindən təhqir edilməsi və döyülməsi ilə bağlı araşdırmalara başlayıb.
“AzPolitika” xəbər verir ki, daha əvvəl sosial şəbəkələrdə Xarkov vilayətindəki döyüş bölgəsində çəkildiyi iddia edilən video yayılıb. Ukrayna Baş Prokurorluğu istintaqa başladığını elan edərək müharibə qanunlarını və adət-ənənələrini pozma maddəsi ilə araşdırma aparır. Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bildirib ki, videoda baş verənlər “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının prinsiplərini pozur.
“Mən BQXK-ya və BMT-yə rəsmi məktublar göndərmişəm ki, onlar sui-istifadə faktını sənədləşdirsinlər. Bu, cinayətkarlar üzərində qurulacaq tribunal üçün sübut bazasına daha bir əlavə olacaq”, - o qeyd edib.
Ötən bazar günü internetdə yayılan videoda rus əsgərlərinin bir neçə ukraynalı məhbusdan ibarət qrupu meşədən keçirdikləri əks olunub. Əsirləri SSRİ himnini oxumağa məcbur edir, sonra döyürlər. Hərbi əsirlərdən biri yerə yıxılır və ayağa qalxa bilmir. Bundan sonra rus əsgəri onu edam etmiş kimi göstərərək başının yanından atəş açır.

“Suspilne” telekanalının jurnalistləri videodakı rus əsgərlərindən birinin şəxsiyyətini müəyyən edə biliblər. Onların sözlərinə görə, bu, Sankt-Peterburqdan olan 32 yaşlı Aleksey Kiprindir. Səs yazısına görə, onun çağırış işarəsi “Bar”dır.
Kiprin sosial şəbəkələrdə yazıb ki, o, 2014-cü ildən Rusiyanı qoruyur. Jurnalistlər “WhatsApp” messencerindən Kiprinlə əlaqə saxlaya biliblər. Hərbçi videoda məhbuslarla birlikdə olduğunu təsdiqləyib. O, bildirib ki, onlar hərbi əsir düşərgəsinə köçürülüblər.
Mayın əvvəlində beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” açıqladığı hesabatda ötən il dekabrın əvvəlindən Rusiya əsgərlərinin təslim olan azı 15 Ukrayna əsgərini öldürdüyü bildirilir. Hesabatda baş verənlər müharibə cinayəti adlandırılır, günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyi qeyd olunur.
Aprelin 9-da Ukrayna Baş Prokurorluğu 54 ukraynalı hərbi əsirin edam edilməsi ilə bağlı 27 cinayət işi üzrə istintaqın aparıldığını bildirib. Ümumilikdə Ukraynada Rusiya hərbçilərinin genişmiqyaslı işğalı zamanı törətdiyi cinayətlər, o cümlədən məhbusların qətli ilə bağlı 5000-dən çox cinayət işi araşdırılır.
“AzPolitika.info”


Şərhlər