"Bizim və ya onların (Azərbaycanın – red) konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil".
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib.
XİN rəhbəri iddia edib ki, konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan hökumətinin daxili qərarıdır.
Müxalifətçi deputat Armen Rüstəmyan isə iclasda çıxış edərək bəyan edib ki, hökumət Azərbaycanın tələblərini yerinə yetirmək üçün büdcə xərclərinə yenidən baxır.
Mirzoyan isə ona cavabında deyib ki, deputat özünü aldadır.
Qeyd edək ki, rəsmi Bakı sülh sazişi layihəsi müzakirəsinin lap əvvəlindən Ermənistan tərəfini “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı mövcud olan qəsdlərə son qoymağa” çağırıb. Söhbət konstitusiyada, bəzi qanun və qərarlarda Azərbaycana qarşı yer almış ərazi iddialarından gedir.
Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir Sözgedən sənəddə isə ləğv olunmuş “dqr”-in Ermənistana yenidən birləşməsindən bəhs edilir.
Bakı İrəvandan Ermənistanın əsas qanunundan həmin müddəanın çıxarılmasını tələb edir.
“AzPolitika.info”


Şərhlər