Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi ev 9-11 ilə Nizami küçəsi ev 4 ünvanlarının kəsişməsində yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən növbəti dəfə şikayət edirlər.
Bu barədə “AzPolitika”-ya onların ünvanladığı müraciətdə bildirilir.
Qeyd olunur ki, MTK rəhbərliyi qonşu şirkət – “Caspian” MTK-nın avtomobil dayanacağına yol açmaq üçün binanın 1-ci blokundan 7 metr dərinlikdə qazılmaqla yeraltı keçid inşa etmək niyyətindədir. Şirkət bunun üçün sakinlərə məktub ünvanlayaraq onların razılığını almaq istəyir.
Şikayətçilər yazırlar ki, “Pilot Residence” rəhbərliyi mövcud layihəni kobud şəkildə pozaraq, yaşayış kompleksinin mövcud ərazisində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya şəhər icra hakimiyyətindən icazə olmadan öz biznes obyektlərinin tikintisini davam etdirmək istəyir: “Təəccüblüdür ki, arqument olaraq, heç bir şəkildə əsaslı tikinti layihələrinin təsdiqi üçün birinci qurum olmayan FHN ilə razılaşmadan istifadə olunur. Lakin bina sakinləri buna razı olmayaraq, MTK-nın planını birmənalı olaraq rədd edirlər. Qəribədir ki, MTK-nın öz funksiyasını, verdiyi vədləri icra etməməsi ilə bağlı məhkəmə işləri davam edə-edə sakinlərin iradəsinin əksinə növbəti addım atmağa hazırlaşılır. Səbəb isə digər şirkətə külli miqdarda borcunun olması, bu addımı atmaqla onun bir hissəsini kompensasiya etmək istəyidir”.
Sakinlər bildirirlər ki, bu işdə təhlükəli məqamlar da var. Belə ki, Bakının mərkəzində təpə ərazidə tikilən 12 mərtəbəli yaşayış binasının layihədən kənara çıxılması - yəni altının qazılması onun bünövrəsinə, seysmik -zəlzələ yükünə mənfi təsir göstərə bilər. Bu da bəzi mənzillərində çatları olan binada yarıqların artmasına və uçquna səbəb ola bilər. Şikayətçilər yazırlar ki, bu işləri bir halda həyata keçirmək olar: layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənsin, yenidən geologiya işləri görülsün və bundan sonra yüksək ixtisaslı mütəxəssislərin rəyi əsasında bərpa-gücləndirmə və digər zəruri işləri aparılsın. Bu zaman sakinlər də arxayınlaşardı ki, məsuliyyət bu işə zəmanət verən dövlət qurumunun üzərində olacaq. Üstəlik, binanın üzərində tikildiyi torpaq sahəsinin də fərqli geoloji xüsusiyyətləri var. Vaxtilə bu ərazi “Kolodeznaya” – yəni quyuların olduğu yer olub. Bakının yaşlı sakinləri deyir ki, Çəmbərəkənd parkı, Mətbuat prospekti, İçərişəhər metrosu həndəvərindəki həyətlərdə çoxlu quyular var idi. Torpaq boşluqlarında - quyularda yığılan bu sulardan heç vaxt içmək üçün istifadə olunmayıb.
Sakinlər şikayətlərində bildirirlər ki, MTK-nın müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə planı varsa, niyə onlardan icazə istəyirlər. “İndi, 2024-cü ilin iyun ayında, yəni mövcud layihəni başa çatdırmadan təxminən 5 il sonra qonşu MTK-dan hansısa məhkəmə çəkişmələri ilə bizi, evdə yaşayan ailələri şantaj etməyə çalışırlar. “Caspian” MTK-nın sahibi iyunun əvvəlində həyətə gələrək bizimlə görüşdü və şikayət etdi ki, “Pilot Residence” sahibləri onun 5 (!) ildir “evlərini köçürdüyünə görə” borcunu bağlamır. Əslində bunun bizə nə aidiyyatı var? Gedin, qonşu MTK ilə problemlərinizi həll edin və nəhayət, bizim binanın sakinləri qarşısındakı öhdəliklərinizi bağlayın. Hər şeyin həddi var!”, – deyə sakinlər tələb edirlər.
Sakinlər onu da qeyd edirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin və Səbail Rayon İcra Hakimiyyəti başçısının qəbullarında olub işin bütün təfərrüatını çatdırıblar: “Layihəmiz 2017-ci ilin fevral ayından 2019-cu ilin sonuna qədər tam başa çatdırılması şərti ilə təsdiq edilmişdir. 2019-2020-ci illər ərzində şirkət qanunsuz tikililəriylə yaşayış kompleksimizin layihəsini eybəcərləşdirib. Həyətdə uşaqların oynamağına, sakinlərin istirahətinə imkan yoxdur. 220-yə yaxın ailə normal həyat şəraitindən məhrum olub. Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?!”
Xatırladaq ki, ölkədə əsaslı tikinti layihələrini təsdiq edəcək yeganə dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. FHN-nin tikinti layihələrinə təsdiq vermək səlahiyyəti yoxdur, yalnız rəy vermək və nəzarət funksiyaları mövcuddur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Rasim Əliyev
“AzPolitika.info”







Şərhlər