Menu

Avropada Orbanın Kiyevə səfərindən nə gözləyirlər? – “Konsensusa gedən yol görmürəm”

03.07.2024, 12:58
Avropada Orbanın Kiyevə səfərindən nə gözləyirlər? – “Konsensusa gedən yol görmürəm”

İyulun 2-də Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından bəri ilk dəfə Kiyevə rəsmi səfər edib. Orbanın mətbuat xidməti bildirir ki, Zelenski ilə görüş Rusiya və Ukrayna arasında sülh danışıqlarının perspektivlərini müzakirə etmək üçün lazımdır.

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlarda Macarıstanın baş naziri Rusiya ilə mümkün sülh danışıqlarından əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyi xahiş edib. Orbanın fikrincə, bu, danışıqlar prosesini sürətləndirə bilər. Macarıstanın Baş naziri həmçinin bildirib ki, Ukrayna prezidentinin sülh təşəbbüslərini yüksək qiymətləndirir.

Qərb mediası yazır ki, Macarıstanın Baş nazirinin Kiyevə səfəri Brüsseldə keçirilən Aİ sammitində Zelenski ilə görüşündən bir neçə gün sonra razılaşdırılıb. Macarıstan hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi Aİ və NATO ölkələrinin böyük əksəriyyətinin mövqeyindən fərqlənir. Budapeşt ilkin şərt olmadan sülh danışıqlarına çağırır ki, bu da Kiyev üçün uyğun deyil.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Budapeşt Orbanın Kiyevə səfərindən əvvəl Moskva ilə əlaqə saxlamayıb və Kreml Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya səfərindən heç nə gözləmir”.

Avropa Parlamentinin üzvü Sergey Laqodinski Orbanın Kiyevə səfəri zamanı təklif etdiyi sülh formulunun perspektivinə inanmadığını deyib: “Mən konsensusa gedən yol görmürəm, çünki bu mövqe Avropa ölkələrinin və hökumətlərinin mövqeyinə tamamilə ziddir. De-fakto, bu, hazırda mövcud olan sərhədlərdə hərbi əməliyyatın dondurulmasından gedir. Bunu biz bəzən siyasi elitanın müəyyən üzvlərindən eşidirik, lakin bu elitalar azlıq təşkil edir. Düşünürəm ki, bu halda Orban sağçı radikalların 15%-ni təmsil edir, o, indi Avropa Parlamentində sağçı fraksiya təşkil etməyə çalışır. Amma bütün sağ radikallar onunla konkret olaraq Ukrayna məsələlərində qruplaşmaq istəmir.”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol