Məşhur Hollivud aktyoru və ötən ay ABŞ Prezidenti Co Bayden üçün böyük bir ianə kampaniyası keçirən, eləcə də Demokratlar Partiyasının maliyyə lideri sayılan Corc Kluni Baydeni seçkilərdə iştirak etməməyə çağırıb.
“AzPolitika” xəbər verir ki, “New York Times”-a yazdığı məqalədə Kluni qeyd edib ki, Baydenin səhhəti onun seçkidə iştirakını və növbəti prezidentliyini mənasız edir: “Onun qalib gələ bilmədiyi yeganə döyüş zamana qarşı mübarizədir. Bunu söyləmək ağrılıdır, amma üç həftə əvvəl bir ianə toplama mərasimində birlikdə olduğum Co Bayden 2010-cu ildəki Co Baydeni deyildi. O, hətta 2020-ci ildəki Bayden də deyildi”.
Məşhur aktyorun fikrincə, Baydenin seçkidə iştirak qərarı təkcə onun prezidentlik şansını deyil, həm də digər demokrat siyasətçilərin perspektivlərini təhdid edir: "Biz noyabrda bu prezidentlə qalib gələ bilməyəcəyik. Üstəlik, biz Nümayəndələr Palatasını qazanmayacağıq və Senatı da itirəcəyik. Bu, təkcə mənim fikrim deyil. Bu, ictimaiyyət qarşısında nə dediklərindən asılı olmayaraq, təkbətək danışdığım hər bir senatorun, konqres üzvünün və qubernatorun fikridir".
Kluni hazırda Demokratlar Partiyasının Baydeni kampaniyasına son qoymağa çağıran ən görkəmli simalarından biridir.
Qeyd edilir ki, Bayden komandasının üzvləri Klunini bu məqaləni dərc etməməyə və prezidentin tərəfində qalmağa inandırmağa çalışıblar. Lakin demokratların maliyyə lideri olan aktyor öz qərarını dəyişməyib.
“AzPolitika.info”


Şərhlər