Menu

NATO-nun liderlər sammitindən çıxan qərarlar – Rusiya ilə mübarizə, Çinə xəbərdarlıq...

11.07.2024, 12:32
NATO-nun liderlər sammitindən çıxan qərarlar – Rusiya ilə mübarizə, Çinə xəbərdarlıq...

Ukrayna NATO-ya üzvlük üçün dönməz yoldadır.

“AzPolitika” xəbər verir ki, bu barədə iyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitində qəbul edilən bəyannamədə deyilir. Alyansın 32 üzv ölkəsinin müzakirə etdiyi əsas məsələlərdən biri Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukraynaya dəstək olub.

Bəyannamədə Ukraynanın iqtisadiyyatda, demokratik islahatlarda əldə etdiyi proqres vurğulanır. Bunlar NATO-ya üzvlük üçün ilkin şərt sayılır.

"Ukrayna bu həyati əhəmiyyətli işi davam etdirdikcə, biz də onun tam Avroatlantik inteqrasiyasını, o cümlədən NATO-ya üzvlüyünə dönməz yolda dəstəkləyəcəyik", - bəyannamədə yazılıb.

Bununla yanaşı, NATO-nun öncəki Vilnüs sammitində olduğu kimi, üzv ölkələr Ukraynanın təşkilata daxil olmaq prosesinin başlamasından ötrü konkret vaxt qoymayıblar. Bəyannamədə deyilir ki, müttəfiqlər arasında razılıq olunca və Ukrayna şərtləri yerinə yetirincə Kiyevə NATO-ya üzvlük dəvətnaməsi veriləcək.

Üzv ölkələr Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya yardım göstərməklə bağlı qəti niyyət ifadə ediblər.

NATO-nun yekun bəyannamasində ilk dəfə olaraq Çin Rusiyaya Ukrayna ilə müharibədə verdiyi həlledici dəstəyə görə tənqid olunur. Çindən tələb olunur ki, silahlanma üçün komponentlərin və Rusiya hərbi-sənaye kompleksinin işində həlledici texnologiyaların təchizatını dayandırsın.

"Pekin Avropa tarixində son dönəmlərin ən irimiqyaslı müharibəsini öz maraqları və reputasiyasına mənfi təsir vurmadan dəstəkləyə bilməz", - NATO Çinə xəbərdarlıq edir.

NATO Baş katibi Yens Stoltenberq bir daha vurğulayıb ki, alyans Ukraynanı davamlı dəstəkləyəcək: "Ukraynaya dəstək xeyriyyə işi deyil. Bu bizim öz təhlükəsizlik maraqlarımız çərçivəsində görülür".

Sammitin yekun bəyannaməsində deyilir ki, NATO proporsional ödəmələrin yardımı ilə gələn il ərzində Ukraynanın təhlükəsizliyi və qələbəsi üçün 40 milyard avro dəyərində baza maliyyəsi ayıracaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol