Menu

“Orbanın Putinlə görüşəcəyini bilmirdim” - Zelenski

12.07.2024, 12:06
“Orbanın Putinlə görüşəcəyini bilmirdim” - Zelenski

“Heç də bütün liderlərin sülh danışıqları aparmaq qabiliyyəti yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Zelenski bunu deyərkən Macarıstan Baş naziri Viktor Orbanın vasitəçilik təşəbbüslərini nəzərdə tutub və qeyd edib ki, Kiyevə səfər edən Orbanın daha sonra Moskvaya və Çinə gedəcəyini bilməyib: “Orban Kiyevdə idi, onun Putinlə görüşə, sonra isə Çinə gedəcəyini bilmirdim. İndi isə bizə deyirlər ki, Trampla görüşə gedib. Sabah o hara gedəcək, bilmirəm. Bəlkə də yenidən Ukraynaya gələcək”.

Eyni zamanda, Ukrayna prezidenti deyib ki, bütün liderlərin real danışıqlar aparmaq imkanı yoxdur: "Bütün böyük və kiçik ölkələrə hörmətlə yanaşırıq, lakin biz başa düşməliyik ki, bütün liderlər danışıqlar apara bilməz. Bunu etmək üçün sizin müəyyən gücə malik olmanız lazımdır".

Xatırladaq ki, iyulun 1-də Macarıstan Aİ Şurasına sədrlik edəndən bəri, Viktor Orban bir neçə ölkəyə səfər edib. Macarıstanın baş naziri Kiyevdə Zelenski ilə, Moskvada Vladimir Putinlə, Pekində isə Si Cinpinlə görüşüb. Onun həmçinin, ABŞ-də Trampla yeni görüşü baş tutub. Orbanın sözlərinə görə, bu qlobal diplomatiya Ukraynaya sülh gətirməyə hesablanıb.

Bundan əlavə, Orban Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Orban Ərdoğandan “Macarıstan sülhməramlı missiyasını” dəstəkləməsini istəyib, çünki “Türkiyə indiyədək münaqişədə yeganə uğurlu vasitəçi olub”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol