Menu

Bayden sui-qəsdlə bağlı Amerika xalqına müraciət edib – Demokratlar anti-Tramp reklamlarını sildi

15.07.2024, 11:26
Bayden sui-qəsdlə bağlı Amerika xalqına müraciət edib – Demokratlar anti-Tramp reklamlarını sildi

ABŞ Prezidenti Co Bayden noyabr seçkilərində rəqibi, keçmiş Prezident Donald Trampa sui-qəsd cəhdi ilə bağlı Amerika xalqına müraciət edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Bayden Trampa sui-qəsd cəhdini pisləyib və amerikalıları siyasətdə zorakılıqdan əl çəkməyə çağırıb.

“Bizim siyasətimizdə hərarəti aşağı salmaq lazımdır, hamımız bunu etməliyik”, – ABŞ Prezidenti Ağ Evin Oval Ofisindən televiziya ilə çıxışı zamanı deyib. Onun sözlərinə görə, siyasət döyüş meydanına çevrilməməlidir və bütün fikir ayrılıqları səsvermə yolu ilə həll edilməlidir.

Tramp bundan əvvəl “Truth” sosial şəbəkəsində yazı dərc edib və orada da “şərin qalib gəlməsinə imkan verməmək” üçün birliyə çağırıb. “Biz qorxmayacağıq, əksinə, şər qarşısında inamımıza sadiq qalacağıq”, o əlavə edib. Tramp, həmçinin Allahın təqdirinin onu xilas etdiyini bildirib: “Ağlasığmaz şeylərin qarşısını ancaq Allah alıb”.

Respublikaçılar keçmiş Prezidentin özünü yaxşı hiss etdiyini və seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu bildirib. İyulun 15-də Viskonsin ştatının Milwaukee şəhərində respublikaçıların Milli Qurultayı açılır.

Federal Təhqiqat Bürosu hücumu araşdırır. FTB sözçüsü təsdiqləyib ki, Trampı öldürməyə cəhd edən şəxs əslən Pensilvaniyadan olan 20 yaşlı Tomas Metyu Kruksdur. Daha əvvəl FTB bildirib ki, ilkin məlumata görə, şübhəli şəxs təkbaşına hərəkət edib və hüquq-mühafizə orqanları onun hər hansı ideologiya ilə bağlı olub-olmadığını hələ müəyyənləşdirməyib.

Prezident Bayden müraciətində onu da qeyd edib ki, Amerika kəşfiyyat orqanları hücumçunun motivləri ilə bağlı hələlik heç bir dəqiq nəticə çıxarmayıb. “İnsidentlə bağlı təhqiqat erkən mərhələdədir”, Bayden vurğulayıb və insanları olayın motivləri ilə bağlı fərziyyələr irəli sürməməyə və ya yalan iddialar və sui-qəsd nəzəriyyələri yaymamağa çağırıb. "Qoy FTB və onların partnyor agentlikləri öz işlərini görsünlər", - ABŞ Prezidenti deyib.

Bayden, Məxfi Xidmətə bu həftə Milwaukeedə keçiriləcək Respublikaçıların Milli Konvensiyası üçün bütün təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyi əmr etdiyini söyləyib.

Bundan başqa Bayden kampaniyası Trampı tənqid edən bütün siyasi reklamları silib. "Birlik əldə etmək ən çətin məqsəddir, amma indi birlikdən daha vacib bir şey yoxdur, biz mübahisə edəcəyik və bununla razılaşmayacağıq, amma biz kim olduğumuzu unutmayacağıq", - ABŞ Prezidenti Amerika xalqına müraciətində vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol