Menu

TRAMP SUİ-QƏSDİNDƏ QARANLIQ QALAN MƏQAMLAR - Polisə xəbərdarlıqlar, nəzarətsiz tikili, gecikən snayperlər...

15.07.2024, 14:06
TRAMP SUİ-QƏSDİNDƏ QARANLIQ QALAN MƏQAMLAR - Polisə xəbərdarlıqlar, nəzarətsiz tikili, gecikən snayperlər...

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ötən gün təşkil olunan silahlı hücum dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib.

“AzPolitika” xəbər verir ki, ötən gün Pensilvaniya ştatında 20 yaşlı Metyu Kruksun silahlı hücumuna məruz qalan D. Tramp yüngül xəsarətlərlə sui-qəsddən sağ çıxmağı bacarıb.

Bu müəmmalı sui-qəsd hadisəsi ilə bağlı ABŞ cəmiyyətini düşündürən bir sıra suallar hələ də cavabsız olaraq qalmaqdadır.

İlk suallardan biri budur ki, suiqəsdçinin Trampa atəş açdığı tikilinin damı niyə həmin vaxt boş və nəzarətsiz vəziyyətdə olub?

Bu barədə “CNN”- ə danışan keçmiş FTB agenti Bobby Çacon da sözügedən tikilinin səhnəyə ən yaxın nöqtə olduğuna diqqət çəkərək, “Bu tikilinin damında heç kimi yerləşdirmədikləri üçün şok keçirdim”, - şərhini verib. Qeyd edək ki, Trampın mitinq sahəsini açıq görən tikilinin damına çıxan suiqəsdçi təxminən 150 metr məsafədən keçmiş prezidentə atəş açmaq imkanı əldə edib. 150 metrlik məsafə ABŞ ordusunun təlimlərində əsas etalonlardan hesab olunur. Belə ki, əsgərlər “M16” silahı ilə bu məsafədən hədəf taxtalarına atəş açmaq kimi təlimləri icra edirlər. Ekspertlərə görə, sözügedən tikilinin təhlükəsizlik tədbirlərinin üst səviyədə olduğu sahə xaricində olmasına baxmayaraq, “AR-15” silahı olan bir şəxsin Trampa atəş açan anadək diqqət çəkməməsi böyük sual işarəsidir.

İkinci sual: Tədbir iştirakçıları silahlı şəxslə bağlı polisi xəbərdar ediblərmi?

Mitinqə toplaşan iştirakçıların suiqəsdçini görüb təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etməsinə baxmayaraq, heç bir tədbir görülmədiyi kimi iddilar var. Bir çox şahid ABŞ televiziyalarına müsahibələrində damdakı şübhəlinin atəş açmasından bir neçə dəqiqə əvvəl polisləri xəbərdar etdiklərini bildirib.

“BBC”-yə danışan Qreq Smit adlı şəxs sözügedən şəxsin dama doğru süründüyünü gördüyünü qeyd edərək, onun silah daşıdığının açıq şəkildə göründüyünü və 3-4 dəqiqə tikilinin damında gözlədiyini bildirib.

Respublikaçılar Partiyasının bəzi üzvləri də tədbir üçün əlavə təhlükəsizlik tələblərinin yerinə yetirilmədiyini iddia etsə də, FTB-nin regional rəhbəri Kevin Royek və Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi bu iddiaları təkzib ediblər.

Üçüncü sual: Snayperlər həmin şəxsi niyə gec görüb?

Hücumla bağlı digər sual isə snayperlərin suiqəsdçini gec görməsi olub. Sosial mediada və yayımlanan görüntülərdə Trampın arxasındakı binanın damında mövqe tutan snayperlərin hücum anında təəccübləndikləri və çaş-baş qaldıqları görünür. Həmin görüntülər snayperlərin hadisəyə gec reaksiya verməsi ilə bağlı rəylərə səbəb olub.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-07-15 21:14:55

Bu Şou baş tutdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol