Müxalifət partiyaları 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək əsas namizədlərini daha əvvəl açıqlamışdılar.

Onlardan REAL Partiyası 22 saylı Nəsimi-Ysamal seçki dairəsindən (SD) partiya sədri İlqar Məmmədovun, 16 saylı Yasamal ikinci SD-dən Erkin Qədirlinin, 33 saylı Xətai birinci SD-dən isə Natiq Cəfərlinin namizədliyini irəli sürüb.

Demokratik İslahatlar Partiyası da 22 saylı SD-dan sədr Asim Mollazadəni namizəd göstərib.

Hakim partiya isə bu dairələrdən tanınmış şəxsləri namizəd göstərməyib. Ancaq 33 saylı SD-dən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc namizəddir.

Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) sədr Qüdrət Həsənquliyevi 36 saylı Xətai-Suraxanı SD-dədairəsindən namizəd göstərib. Həmin dairədən daha əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadə namizəd olacağını bəyan etsə də, daha sonra geri çəkildiyini elan etdi. Həmin dairədən YAP Nərminə Hacıyeva adlı xanımın namizədliyini irəli sürüb. Belə görünür, bu dairə Qüdrət Həsənquliyev üçün “boş” saxlanılıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt İkinci SD-dən namizədliyini irəli sürüb və imza vərəqələrini götürdüyün elan edib. Hakim partiya bu dairədən hazırki deputat Tahir Mirkişilini namizəd göstərib. Məlum olur ki, YAP bu dairəni müxalifətə güzəştə getmək niyyətində deyil.

Müsavat Partiyasına gəldikdə, 10 saylı Binəqədi Üçüncü SD-də başqan müavini Razim Əmraslanlını, 21 saylı Nəsimi-Binəqədi SD-dən icra aparatının rəhbəri Gülağa Aslanlını, 84 saylı Füzulu SD-dənvəkil Osman Kazımovu namizəd göstərib.

Bu dairələrdən YAP Namiq Məmmədovu 84 saylıdan, hazırki deputat Məlahət İbrahimqızını 21 saylı, Hümbət Hüseynov adlı şəxsi isə 10-saylı SD-dən namizəd göstərib.

Məlum olur ki, YAP 21 saylı SD-ni güzəştə getmək niyyətində deyil, digər iki dairəyə gəldikdə, 84 saylı seçki dairəsində iqtisadçı Vüqar Bayramovun namizədliyinin dəstəklənməsi ehtimal olunur.

10 saylı SD-dən əsas namizədin kim olacağı hələlik məlum deyil. Müxalifət partiyalarından son prezident seçkilərində namizəd olmuş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev namizədliyini bu dairədən irəli sürüb. Bəzi məlumatlara görə, hakimiyyət onun deputat seçilməsində maraqlı ola bilər...

Qeyd edək ki, Ağ Partiyanın başqanı Tural Abbaslı da 21 saylı SD-dən namizədliyini elan edib. Belə görünür, bu seçkilərdə onun da deputat olmaq şansları saxlanılıb.

Xalq Partiyasının sədri Pənah Hüseyn “AzPolitika”-ya açıqlamasında 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən namizəd olacağını açıqlamışdı. Həmin dairədən YAP haızrki deputat Kamal Cəfərovun namizədliyini irəli sürüb. Belə görünür, bu dairə də müxalifət nümayəndəsinə güzəştə gedilməyəcək.

Böyük Quruluş partiyasının sədri Fazil Mustafanın yenidən deputat seçilməsi isə real görünür. Hakim partiya 26 saylı Sabunçu seçki dairəsində onun qarşısına prinsipail namizəd çıxarmayıb.

Rasim Əliyev

“AzPolitika.info”