Menu

Tanınmış vəkil həmkarını məhkəməyə verdi - Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

18.07.2024, 21:02
Tanınmış vəkil həmkarını məhkəməyə verdi - Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə tanınmış vəkil Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası keçirilib.

"AzPolitika.info" xəbər verir ki, Ceyhun Yusifov şikayətində həmkarının onu ağır cinayətdə ittiham etməklə böhtan atdığını, şərəf və ləyaqətini alçaltdığını, işgüzar nüfuzuna zərbə vurduğunu yazıb.

Məhkəmə Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova qarşı şikayətini icraata qəbul edib.

Ceyhun Yusifov həmçinin Adəm Məmmədovun təsisçisi olduğu saytlara qarşı da iddia qaldırıb.

Xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili və nümayəndəsi Asim Abbasov bildirib ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR Cinayət Məcəlləsinin 147.2 - Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və 148-ci -Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. 

"Məmmədovlar barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanıb.Onların hüquqi statusları artıq təqsirləndirilən şəxs qismindədir. Bunu da qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında digər cəzalarla yanaşı üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148-ci maddəsinin sanksiyasında isə digər cəzalarla yanaşı altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub" - deyə, Asim Abbasov bildirib.

Adəm Məmmədov isə Teleqraf.com-a açıqlamasında bildirib ki, cinayət işinin başlanması ilə bağlı təsisçisi olduğu Qanunla.az saytında məlumat gedib: “Mənim təsisçisi olduğum, qardaşımın baş redaktoru olduğu saytda fakt üzrə cinayət işi başlanması ilə bağlı məlumat yayılıb. Birinci həmin saytın mən təsisçisiyəm, qanunvericiliyə əsasən təsisçi məsuliyyət daşımır. Bu qərar Daxili İşlər Nazirliyindən sorğu əsasında götürüləndən sonra hər şey məlum olacaq". 

Məhkəmə iyulun 25-də davam etdiriləcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol