Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) rusların doğum, ölüm, nikah və boşanma, adının dəyişdirilməsi və ya atalığın müəyyən edilməsi haqqında dövlət qeydiyyatı idarəsindən məlumatlarına çıxış əldə edəcək.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, dəyişikliklər reyestrin operatoru kimi qeyd olunan Federal Vergi Xidmətini bu məlumatları xüsusi xidmətə təqdim etməyə məcbur edəcək. Qanun layihəsi artıq Dövlət Dumasının Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının vahid dövlət reyestri 2018-ci ilin oktyabr ayından istifadəyə verilib. Burada 1926-cı ildən etibarən doğum və ölüm, nikah və boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi və vətəndaşların adlarının dəyişdirilməsi haqqında məlumatlar var.
Hazırda Daxili İşlər Nazirliyi, Federal Vergi Xidməti, Səhiyyə Nazirliyi, Rosstat və dövlət büdcədənkənar fondları reyestrdən istifadə edə bilərlər. Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta Fondu, Səhiyyə Nazirliyi, regional və bələdiyyə orqanları və seçki komissiyaları da məlumat tələb edə bilər.
FTX həmçinin hərbi qulluqçuların və mülki personalın şəxsi məlumatlarının, o cümlədən biometrik məlumatların onların razılığı olmadan emalına icazə verəcək.
“AzPolitika.info”


Şərhlər